
Azərbaycan futboluna oyunçu və məşqçi kimi bombardir olaraq düşən Qurban Qurbanovun şöhrəti ölkə miqyasını çoxdan aşıb, amma o...
... Söz elə vaxtına çəkər. 23 il əvvəl, fevralın 12-dir. Azərbaycan millisi yenə də bizi üzən oyunlardan birini göstərməkdədir. Bir il sonra - yəni 2004-cü ildə keçiriləcək Avropa Çempionatının finalına vəsiqə qazanmaq üçün seçmə oyunlar keçirilir. Millimiz Podqoritsa şəhərində Serbiya və Çernoqoriya yığmasının qonağıdır. Meydan sahibləri iki top fərqlə irəlidədir və hamı kimi mən də hirsli və məyusam: axı nə qədər uduzmaq olar?!
Futbolçu Qurbanın yaşatdığı bayram
Lakin futbol tarixinə qara hərflərlə yazılacaq dönüş baş verir. O dönüş ki, rəqibin baş məşqçisinin istefasına qədər gətirib çıxarır. 7 nömrəli Mahmud Qurbanovun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top rəqib oyunçulara toxunaraq 9 nömrəli Qurban Qurbanovun ayağına düşür və o, incə toxunuşla hesabı minimuma endirir. Oyunun 57-ci dəqiqəsidir. Cəmi 19 dəqiqə sonra isə 17 nömrəli Ramiz Məmmədovun diaqonal ötürməsini yenə də Qurban ağıllı tərzdə qəbul edir və heç gözləmədən uzaq sağ küncə göndərir. Vəssalam, 76-cı dəqiqə və rəqib öz meydanında az qala affekt vəziyyətindədir. Hər iki qolun müəllifi Bakıda keçirilən cavab görüşündə də rəqibin yenə 0:1 üstün olduğu halda, 87-ci dəqiqədə vurduğu penalti ilə komandamıza bərabərlik qazandırır, az sonra isə Fərrux İsmayılov qələbə qolunu vurur. Bakı küçələrində bayramdır, avtoyürüşlərdir - yenə də Qurbanın iki oyuna üç qolu və yoldaşlarının əməyi sayəsində...
Allahverdi Bağırovla başlayan böyük yol
... Mən Qurban Qurbanovu bu oyunlarla daha çox xatırlayıram. Azərbaycan millisində keçirdiyi 68 oyunda 14 qol vurub və onun rekordunu yalnız 2025-ci ildə Emin Mahmudov təzələyə bilib. Buna qədər isə Qurban millinin bombardiri idi. Elə bu gün də Qurbanov Azərbaycan futbol məşqçilərinin bombardiridir. Onun qazandığı uğurları, avrokuboklarda fəth etdiyi zirvələri hələ çətin ki, yaxın illərdə təzələyə bilən olsun.
Biz arzu etmirik ki, futbolçu Qurbanın rekordunu 20 il sonra Eminin təzələdiyi kimi, digər klubların da məşqçiləri onun məşqçi uğurlarını 20 il sonra təkrarlasınlar, əksinə, tez olsun. Lakin qarşıdakı illər üçün o potensialı hansısa yerli komandamızda görmək olmur. Bəli, buna görə də 115 yaşlı Azərbaycan futbol tarixində bütün rekordlar Qurban Qurbanovun adınadır. 2026 isə bu cəhətdən əlamətdardır - futbolumuzun 115 ili tamam olur.
Yəni Cümhuriyyətimizin də yaşından böyükdür futbolumuzun yaşı, di gəl, Cümhuriyyətimiz qədər böyük deyil. 115 ildə Azərbaycan futbolu ilə öyünəcək azsaylı faktlar var. Birini elə müqəddimə hissəsində qeyd elədik. Səbəblərə isə toxunsaq, gərək böyük bir kitab yazaq. Ancaq bu 115 ildə futbolumuzda başımızı uca edən iki ad var - Milli Qəhrəman Allahverdi Bağırovla başlayan “Qarabağ” və Qurban. Birincisi həm Qarabağ, həm “Qarabağ” üçün özünü qurban verib, ikincisi isə “Qarabağ”ı futbol nəhənglərinin olduğu zirvələrə qaldırıb. Hər ikisinə xalq bir ömür minnətdardır...
“Bəsdir, özünə başqa sənət seç!”
Kimdir bəs Qurban? Bu zaqatalalı balası necə oldu ki, futbolçu olmağa qərar verdi?
Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala şəhərində dünyaya gəlib. Onu şəxsən yaxından tanıyan Mahmud Məmmədov Zaqatalanın II Tala kəndindədir. Dediyinə görə, “Qarabağ”ın keçdiyi inkişaf yolu ona Qurbanovun uşaqlıq illərini xatırladır: “Mən ondan 10 yaş böyüyəm. Kənddəki evimiz onlara yaxın idi. Xatırlayıram, o, hər gün topu qoltuğuna vurub, məşqə gedirdi. Başqa uşaqlar küçədə başqa-başqa oyunlar oynayanda, Qurbanın günü meydançada keçirdi. Zaqatalada Şaban Şirdanovu hamı tanıyır, "Daşqın"ın baş məşqçisi olub.
Qurbanın ilk müəllimi də o olub. Məhəllədə yaşlı adamlar, ağsaqqallar ondan soruşurdu ki, ay bala, hər gün hara gedirsən belə? Cavab verirdi ki, futbola. Deyirdilər ki, bəsdir həvəsini futbola saldın, özünə başqa sənət seç, nə görmüsən topda... O da həmişə eyni sözü təkrarlayırdı: mən futbolçu olacağam! Özü də bu sözü elə inamla deyirdi ki... Deyirdi ki, məni heç kim fikrimdən döndərə bilməz, məqsədimə çatmaq üçün bütün çətinliklərə dözəcəyəm. Elə də oldu. Tezliklə “Daşqın”da parladı, oradan da böyük futbola yolu açıldı".
M.Məmmədovun bildirdiyinə görə, Qurbanovlar böyük ailədir və 4 qardaş xasiyyətcə bir-birinə bənzəyir: “Qurban qardaşların ən kiçiyidir. Toppuş uşaq idi, hərdən yanaqlarından tutub dartardıq. Başqa işlərə elə həvəs eləməzdi, fikri elə o vaxtdan futbolda idi. Gözləri üzündən tez gülərdi. İndi də elədir...
Bəzən deyirlər ki, qaraqabaq adamdır. Qətiyyən elə deyil. Sadəcə, artıq sözlər danışmaz, yersiz gülməz. Kənddə yaşlılar Qurbanı həmyaşıdlarına nümunə göstərirdilər, deyirdilər ki, siz də çalışın, onun kimi olun".
Qeyd edək ki, Zaqatalanın “Daşqın”ından çıxan gənc Qurban sonrakı dövrlərdə “Turan” Tovuz, “Neftçi” Bakı, “Dinamo” Bakı, “Volgar” (Rusiya), “Kur-Nur” (Qazaxıstan) kimi komandaların heyətində oynayıb. Xüsusilə “Neftçi”nin tərkibində çıxış etdiyi illər onun peşəkar səviyyədə tanınmasında böyük rol oynayıb. Qurbanovun əsas futbolçu kimi fərqləndiyi cəhət yüksək texnikası, intizamlı oyunu və liderlik xüsusiyyətləri olub. 174 top vurmaqla Azərbaycan çempionatları tarixində ən məhsuldar hücumçulardan biri olaraq qalıb.
Soyuqqanlı və imanlı
Qurban Qurbanov ailəsinə böyük önəm verən bir şəxs kimi tanınır. O, ailəsində hər zaman dəstək və anlayış görüb. Qurban Qurbanovun ailəsi onun həyatında ən böyük motivasiya mənbəyidir. Onun uşaqlıqdan formalaşan təmkinli xarakteri isə bu günə qədər özünü hər addımda göstərir. Bu xüsusda Qurban Qurbanovun imanlı biri olmasını da altından qırmızı xətt çizərək vurğulamaq lazımdır. Kəsəsi, onun xarakterindən irəli gələrək həm emosiyalarını cilovlamağı bacarması, həm də imanlı şəxs kimi öz hisslərinə hakim kəsilməsi bir baş məşqçi, futbolçularının bir xocası kimi onun müdrikliyini nümayiş etdirir.
Məsələn, dünyanın nəhəng klublarının dəlisov baş məşqçiləri var, biri elə Dieqo Simeone. Olduqca emosionaldır. Yəni komandası ilk dəqiqələrdə qol vurur, özünə əl qatır, sanki oyunun son saniyələrində qələbə topunu vurublar. Ancaq Qurbanov kifayət qədər soyuqqanlıdır, hətta qalib gələndə belə sevincini öz içində boğmağı, çox da büruzə verməməyi, bir azərbaycanlı kişisi xarakterini ortaya qoymağı bilir. Bu, onun xasiyyəti ilə inancının çulğalaşmasıdır.
Odur ki, mətbuat konfranslarında, müsahibələrində hər zaman rəqibləri haqda ədəb-ərkanla danışar, ən zəifi ilə ən güclüsünə fikirlərində fərq qoymaz, aşağılamaz, replika atmaz, qalib gələndə də, uduzanda da ən yüksək fikirləri söyləyər. Bu, böyük qəlb tələb edən işdir. Dəfələrlə onu qıcıqlandırmaq, özündən çıxarmaq istəyiblər, amma xoca brifinqlərdə mümkün qədər “dişini dişinə sıxmağı”, ədəbini gözləməyi bacarıb.
Doğrudur, son zamanlar xüsusən də yerli çempionatda hakimlərin bəsit səhvləri onu əsəbləşdirir və qəzəbini gizlədə bilmir. Bu da ondan irəli gəlir ki, böyük meydanlar, peşəkar hakimlər, “Çelsi”, “Benfika”, “Ayntraxt”, “Liverpul” və daha kimlər görmüş Qurbanovu indi yerli hakimlərin hərəkətləri hirsləndirməyə bilməz. Bununla belə, yenə də onlar haqda müsbət fikirlər söyləyir. Son olaraq hakim Elçin Məsiyev haqda bunu deyə bilərəm. Xoca onun oyun boyu pauzalar verməsinə hirslənmişdi, amma mətbuat üçün tədbirdə ən xoş sözlərini çatdırdı. Bu da Qurbanovu başqalarından fərqləndirir.
Eyni zamanda o, nümunəvi ailə başçısıdır. Onun oğlu Musa Qurbanlı da atasının yolunu davam etdirir və Ağdam klubunda çıxış edir. Yeri gəlmişkən, Qurban övladına öz qardaşının adını qoyub.
Xoca 21 il sonra eyni stadionda, bu dəfə...
... Hazırda Qurbanov karyerasının ən parlaq dövrlərini yaşamaqdadır. 2008-ci ildən “Qarabağ”ın başına keçən xoca 18 ildir ki, “köhlən atları” pillə-pillə uğurlara daşıyır. Burada təbii ki, hamının əməyi var, amma Qurbanov fenomeni bir ayrıdır. İndi heç kəs “Qarabağ”ı Qurbansız təsəvvür etmir, yaxud da onun yoxluğunda eniş dövrünü yaşayacaq bir komanda kimi görür. Çünki burada yuxarıda qeyd etdiyimiz Qurbanov xarakteri önəmli rol oynayır. Azərbaycanın adını və “Qarabağ”ın adını Avropanın ən yaxşı 22-ci komandası edən Qurbanovu indi daha bir imtahan gözləyir - xoca 21 il sonra yenidən “St James’ Park”a yollanacaq.
Qurban ilk dəfə bu stadiona 2005-ci ildə futbolçu kimi Azərbaycan yığmasının heyətində gedib. O, İngiltərə millisinə qarşı matça start heyətdə çıxıb. Qurbanov həmin oyunda hesabı açmağa yaxın olub. O, qapıya zərbə vurub, lakin top dirəyin yanından keçərək qapı xəttindən meydandan çıxıb. Matç isə İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Bu dəfə isə komandamız “Nyukasl”ın qonağı olacaq. Ancaq “St James’ Park”da hakimin final fitinin eyni hesabın (0:2) “Qarabağ”ın xeyrinə bitməsi ilə görmək və eşitmək istəyirik...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru






Şərhlər