Türk lirəsinin lehinə olan inkişaflar və ABŞ-da qiymət təzyiqlərinin azaldığını göstərən inflyasiya məlumatlarından sonra dollar dəyər itirib. Dollar/lirə məzənnəsi bu gün 32,16 TL olub. Avro isə 34.99 lirədən başlayıb.
İstehlak qiymətləri aprel ayında aylıq 0,3 faiz artaraq bazar gözləntilərinin altında olub. Hər il isə 3,4 faiz artıb.
Qiymət təzyiqlərinin azaldığını göstərən bu məlumatların ardınca FED-in faiz dərəcələrini endirəcəyi gözləntiləri ilə dollar qlobal valyutalar qarşısında gücünü itirib. Bu fonda türk lirəsi dəyər qazanıb.
Dünən qatıldığı Qətər İqtisadi Forumunda çıxış edən Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək birinci prioritetin qiymət sabitliyi olduğunu bildirib: "Hökumətimiz buna nail olmaq üçün nə lazımdırsa edəcək".
Qlobal bazarlar ABŞ məlumatlarından sonra müsbətə doğru dəyişib.