
Adam rəsmən avqustun 10-da ölüb, ölüm kağızı isə avqustun 9-dan hazır imiş. İndi bu kağız tapılıb və “Epşteyn işi”nə tikilib.
Bu işdə 3 milyondan artıq sənəd var, hamısı bir-birinə qarışıb, yavaş-yavaş açılır.
Bundan əvvəl Epşteynin öldüyü gecə onun yatdığı kameranın yaxınlığında narıncı geyimli bir cantaraq adamın müşahidə kameralarında göründüyü barədə xəbər yayılmışdı. Bu, şübhələri artırırdı ki, Cefri kişi öz əcəli ilə ölməyib, ona kömək ediblər. Təkadamlıq kamerada intihar etmək tək adamın işi deyil – gərək lazımi avadanlıqlar, köməkçilər olsun.
Ayın 10-da öləcək adamın ölüm kağızının 1 gün əvvəldən hazır olması isə lap qəribədir. Ya Epşteyn bir gün müqavimət göstərib, ayın 9-na açılan gecə xirtdəyini ələ verməyib, ya intihar edəcəyinə dair verdiyi sözü tutmayıb, ya da intiharda maraqlı olan dairələr adamın sənədini hazırlayıb özünə göstəriblər ki, bax, ölüm kağızın da hazırdır, müqavimətin xeyri yoxdur.
Hər nədirsə, dolaşıq işdir.
Əslində Epşteynin intihar xəbəri gələndə bu məsələdən xəbəri olanların çoxu ona inanmamışdı. 2019-cu ildə dünya əhlinin 99,99 faizi Epşteyni tanımırdı, onun çıxardığı pəstəha və hoqqalardan xəbərsiz idi. Amma Amerika həyatını izləyən jurnalistlər vardı, onlar deyirdilər ki, bu, şübhəli intihardır. Çünki ağzı 14 yaşlı sütüllərə sulanan sürtük və sırtıq sutenyorun o cür comərd hərəkət edəcəyi ağlabatan deyildi.
Epşteyn abrına qısılan, rüsvay olmaqdan qorxan biri olsaydı, o işləri görməzdi. Mənəviyyatca goreşəndən fərqi olmayan siyapur birisi intihar etməyi yox, milyardlarını sərf edərək, milyarder dostlarını köməyə çağıraraq işin içindən sıyrılmağı, eyş-işrət poliqonuna çevirdiyi adasına çəkilib həyatına qaldığı yerdən davam etməyi düşünə bilərdi.
Görünür, Epşteyn “istintaqla əməkdaşlıq etmək” fikrinə gəlib ki, “intihar”ı vacib olub.
“İstintaqla əməkdaşlıq etmək” ifadəsi gözə şirin göründüyünə, qulağa xoş gəldiyinə baxmayın, bu, zırıltı işdir. İstintaqla əməkdaşlıq edənlər bildikləri hər şeyi danışır, adi sürücü və qarsondan tutmuş ta cinayətkar dəstənin liderinə qədər hamının adını çəkirlər və bunun sayəsində öz cəzalarını nisbətən yumşaq edirlər. Hətta istintaqla yaxşı əməkdaşlıq edən adamlar olub ki, bütün cinayət ortaqlarını ələ verib, özü isə “şahidlərin qorunması” proqramına uyğun olaraq, ad-soyadını, sir-sifətini, yaşayış yerini dəyişdirərək asudə yaşamağa başlayıb.
Xarici ölkələrdə belə şeylər çox olur. Ancaq həmin ölkələrdə belə hallar da olur ki, istintaqla əməkdaşlıq edən kişinin kamerasına gecə vaxtı bir cantaraq, Əzrayılla əməkdaşlıq edən adam gəlir, deyir, pis başa düşmə, sənə kömək etməyə gəlmişəm.
Biz elə epizodları detektiv filmlərdə çox görmüşük. Klişe epizoddur: bir yaxşı polismen olur, mafiyaya qarşı çıxır, mafiozlar bunu tutdurur, kamerada öldürtmək istəyirlər, amma bu da cüdo, karate ustası çıxır, potensial qatilini it gününə qoyur, sui-qəsd baş tutmur.
Belə anlaşılır ki, Epşteyn cüdo, karate və ya digər Şərq əlbəyaxa döyüş növlərinin fəndlərindən xəbərsiz olub. Onunku Şərqdə dəb olan başqa şeylər imiş (“Qıza elçi göndərin 14 yaşa dolanda”, “Bir gözəl sevmişəm 15 yaşında” və s.). Bu isə dörd divar arasında xirtdəyi narıncı geyimli cantaraq adamın pəncəsindən qurtarmağa kömək etmir.
Qədim Roma hüquqçuları belə yerdə bu cür sual qoyarmışlar: “Bu qətl (intihar) kimə sərf edirdi?” Onlar cinayətin üstünün açılmasına bu sualla girərmişlər.
İndiki kriminalistlər “Epşteyn işi”ni açmaq üçün bu sualdan yararlana bilərlər. Ancaq elə yerə gedib çıxırlar ki, xış kötüyə ilişir. Çünki Epşteynin adasını ziyarət edənlərin arasında dünyanın ən yüksək vəzifəli və ən pullu adamları var, onların əllərinin altında minlərlə cantaraq, eləcə də intellektual adam işləyir – hakim, vəkil mantiyası da geyənlərdən tutmuş narıncı kombinezonda gəzənlərə, maskalı motosikletçilərə, kəpənək qalstuk taxanlara qədər.
Mafiya ilə çətindir. Komissar Kattanini də, bildiyiniz kimi, o vaxt güllələyiblər. Onun kimi olmaq istəyənləri də dolaşdırıb içəri basırlar, gecə kameralarına narıncı geyimli adamlar gəlir.
P.S. Amerikalı televizyonçularda qeyrət olsa, “Ölümündən 24 saat əvvəl” film-süjeti çəkərlər.
Samir Sarı
Musavat.com





Şərhlər