Bəli, aydındır ki, hələ ki, koronaviruslıa mübarizədə ölkələrin sərəncamında sosial və sosial-iqtisadi izolyasiyadan savayı hər hansı bir başqa üsul və yaxud vasitə yoxdur.
Belə deyilir ki, hazırda dünyanın əlli ölkəsində qripin bu yeni növünə qarşı vaksin-peyvənd hazırlamaq üçün intensiv işlər gedir, amma bununla belə, o da qeyd edilir ki, müvafiq vaksin ən yaxşı halda on iki və yaxud da on səkkiz aydan sonra hazır ola bilər.
Bu da yaxşıca məlumdur ki, öz-özlüyündə hətta sosial-iqtisadi izolyasiya belə heç də ən qüdrətli bir vasitə deyil, hərçənd, Çin kimi böyük coğrafi və demoqrafik göstəriciləri olan ölkənin bu üsulla əldə etdiyi nəticələr təsirləndirməyə bilməz – “Səmaaltı” ölkə bir neçə ay ərzində epidemiyanı lokallaşdıra və demək olar ki, zərərsizləşdirə bildi.
Amma hamı anlayır ki, yalnız və yalnız koronavirusla mübarizədə ölkələrin birgə səyləri bu qorxulu epidemiyanı cilovlaya və ona son verə bilər; etibarlı profilaktika üçün regional və qlobal miqyaslarda birgə və koodinasiya olunmuş addımlar atmaq lazımdır.
Cənubi Qafqazda vəziyyət hələ ki, qorxunc hal almayıb, əksinə, buradakı üç ölkənin göstəriciləri, məsələn, Avropa ölkələrilə müqayisədə çox aşağı bir həddədir. Amma Cənubi Qafqaz ölkələrinin qonşuları Rusiya və İran kimi ölkələrdir.
Rusiyada vəziyyət dözülən həddədir, burada hələ ki, təlaş üçün əsas yoxdur. Amma bunu İran haqqında demək olmur – burada yoluxmuş insanların sayı artıq yüz min nəfərə yaxınlaşmaqdadır. Biz bu sətirləri yazanda yoluxanların sayı 67.2 min təşkil edirdi, amma iranlı mütəxəssislər özləri qeyd edir ki, bu heç də yuxarı hədd deyil və yoluxan adamların sayı hələ artmaqda davam edəcək.
İranın heç sözsüz ki, sosial-iqtisadi durumu da region ölkələrini çox narahat edir, belə ki, ölkə iki, hətta, ola bilsin, üçqat təzyiq altındadır – bir tərəfdən pandemiya, digər tərəfdən də sanksiyalar və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi (OPEK üzvlərinin və digər neft ölkələrinin nazirlərinin bu həftə keçirilən onlayn - sammitində neftin sutkalıq hasilatını 10 milyon barel azaltmağa qərar verildi!).
Ölkənin prezidenti H.Ruhani artıq BVF-na 5 milyard dollarlıq kredit üçün müraciət edib. Amma ABŞ bu prosesi tormozlayır, ümumiyyətlə, onu dayandırmağa çalışır, çünki Vaşinqtonun mövqeyi budur ki, məlum deyil ki, Tehran bu vəsaiti nə üçün xərcləyəcək? Qeyd edək ki, bu yolla Avropa Birliyinin də İrana vəsait ayırlmasına mane olundu. Əlbəttə, biz belə incə geosiyasi məsələlərdə hakim ola bilmərik, amma aydındır ki, İrandakı epidemiyanın miqyasları nəinki region, hətta ola bilsin, Dünya üçün ciddi bir təhlükədir.
Odur, biz bilmirik, İslam İnqilabi Keşikçiləri Korpusu orada nə edir, bizim bildiyimiz budur ki, ciddi karantin tədbiri vasitəsilə Azərbaycan ərazisində pandemiyanın yayılmasını dayandıracaq, amma biz o vaxt rahat ola bilərik ki, İranda da epidemiyaya son verilsin. Amma təəssüf ki, hələ İran tərəfinin proqnozları ümidverici deyil. Amma buna rəğmən ölkə bu yaxın günlərdə bəzi biznes sferalarının fəaliyyətini bərpa etməyi planlaşdırır, çünki dövlət epidemiyanın sosial - iqtisadi yükünü daşımaq gücündə deyil. Amma bu pandemiyanın daha da, təkrar vüsət almasına səbəb olmayacaq ki?
Çox təəssüf ki, belə bir senari tamamilə istisna olunmur, məlum olanı budur ki, pandemiyanın iqtisadiyyata təsiri insanların sağlamlığına təsirindən heç də geri qalmır. Hətta Rusiyadan da xəbərlər gəlir ki, onun iki aylıq ərzaq ehtiyatları qalıb!
Görünür, pandemiya ilə mübarizəni tam başa vurmağa macal tapmamış Moskva da iqtisadiyyatın bəzi sahələrinin işini bərpa etməli olacaq...
Belə bir vəziyyətdə müxtəlif politoloqlar, o cümlədən də tanınmış diplomat və siyasi mütəfəkkir Henri Kissincer pandemiyaya qədərki və ondan sonrakı dünya haqqında danışmağa başlayıblar. Əlbəttə, epidemiyanın, məsələn, ABŞ-a təsiri artıq Perl-Harbor və yaxud da ki, 11 Sentyabr hadisələrini çoxdan keçibdi. Birinci halda 2 min nəfər, 11 Sentyabr zamanısa 3 min nəfər ölmüşdü. Gəl, koronavirusun nəticələri və ziyanları bunlardan qat-qat artıqdır.
Amma bizə yenə də belə gəlir ki, dünya tarixini koronavirusa qədərki və ondan sonrakı periodlara bölməyin elə bir əsası yoxdur.
Qəribə olsa da bir çox siyasi araşdırmaçılar hesab edirlər ki, bu epidemiya ən böyük zərbəni qloballaşma fəlsəfəsinə vurdu. Amma düşünürük ki, tamam əksinə oldu.
Epidemiya yadımıza saldı ki, biz təkcə hansısa ölkədə və ya qitədə yox, həm də bir planetdə yaşaylırıq. Aydındır ki, bəşəriyyət bu epidemiyaya son deyəndən sonra ilk növbədə qlobal xarakterli nəticələr edəcək özü üçün. Xatırladaq ki, ən dəhşətli müharibə - İkinci dünya savaşı bitəndən sonra da belə olmuşdu; bəli, məhz o vaxt qlobal təhlükəsizlik anlayışı və onun institusional ifadələri meydana çıxdı.
Hüseynbala Səlimov