
Həkim-pulmonoloq: “Sərhədlərin bağlı olması bizim işimizə çox faydalıdır...”
Fransanın Baş naziri Elizabet Born srağagün ölkə vətəndaşlarını qapalı yerlərdə və ictimai nəqliyyatda mütləq maska taxmağa çağırıb. O, bunu koronavirusun 9-cu dalğasının sürətlə yaxınlaşması ilə əlaqələndirib. Payızın əvvəlində qısa bir sakitlikdən sonra Fransada COVID-19 infeksiyalarının 46 faiz, xəstəxanaya yerləşdirmələrin 10 faiz artdığı, son bir həftədə 400 ölüm faktının qeydə alındığı bildirilir.Almaniya da növbəti korananın yeni dalğasını qarşılamağa hazırlaşır. Ölkənin səhiyyə naziri Karl Lauterbax siyasətçilərin karantin rejimini yumşaltmaq, eləcə də ictimai nəqliyyatda məcburi maska tələbini ləğv etmək çağırışlarını “populizm” adlandırıb. Nazir oktyabr ayında ölüm hallarının kəskin artmasından sonra bütün karantin tədbirlərini ləğv etməyi “ağılsızlıq” adlandırıb.
Bu arada Çində həm karantin rejiminin sərtləşdirilməsi, həm də buna qarşı etirazların böyüməsi haqda xəbərlər gəlir. Nə baş verir? Doğrudanmı dünyanı indi də COVİD-19-un 9-cu dalğası təhdid edir? Yeni ilə dünya təzədən qapanacaq?
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib ki, yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir: “Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir. İnsanlar COVID-19-un yüngül xəstəliyə çevrildiyini düşünə bilərlər, lakin bu, yanlışdır. Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.
O əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır. Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq.






Şərhlər