Hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur, İranda isə hər 1 saatda 43 nəfər koronavirusa yoluxur...
Çindən dünyaya yayılan koronavirus infeksiyası yayılmaqda davam edir. Hazırda Çinin özündə lokallaşdırılan yeni koronavirus (COVİD -19) dünyanın 176 ölkəsinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı martın 19-na olan son statistik məlumatlarına görə, dünya üzrə yoluxma sayı ümumilikdə 176 ölkə/ərazi üzrə 219 345 nəfərdir. Son yoluxma sayı 557 nəfərdir. Onların içərisində 8 969 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 85 745 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 800 nəfər yeni sağalanlardır.Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər həyata keçirilir. Təhsil müəssisələri, əyləncə mərkəzləri, rayon qeydiyyatında olan şəxslərin Bakıya girişi bağlanıb, kafelər, restoranlar, ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah fasiləsiz işləyir. Bayram günləri bir çox dövlət müəssisələri, eyni zamanda tibb məntəqələri, xəstəxanalar adi günlərdə olduğu kimi tətilsiz işləyəcəklər.
Xüsusilə də ölkə ictimaiyyətində son zamanlar həkimlərin, tibb işçilərinin əməyi yüksək qiymətləndirilir. Onlar hər bir şübhəlini, ölkəyə daxil olan əcnəbini, xaricdən gələn vətəndaşlarımızı karantinə alıb, müayinə edirlər.
Dövlət tərəfindən onların da əməkləri qiymətləndirilib. Belə ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycanda nə qədər gərgin vəziyyət olsa da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova bildirib ki, bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur: “Azərbaycanda ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən hakimiyyət strukturlarını, cəmiyyəti və resursları toparlamaqla vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində dünyanı çənginə almış yeni koronavirusun ölkədə yayılması buxovlanmış, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülmüş, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilib. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənmiş və xalqın sağlamlığının keşiyinə səfərbər edilib. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər”, - deyə İ.Hüseynova bildirib.
Azərbaycanda ötən həftələrdə vətəndaşlar tərəfindən koronavirus bir o qədər də ciddiyə alınmasa da, hazırda Bakı küçələrində gəzən çoxsaylı insanların qoruyucu maskadan istifadə etdiyini müşahidə etmək olur. Bəs bu maskadan istifadə etmək qorunmaq üçün kifayət edirmi?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan qorunmaq üçün tibbi maskalardan istifadə qaydalarını açıqlayıb. Bildirilib ki, əgər sağlamsınızsa, sadəcə, koronavirusa yoluxma şübhəsi olan insanın qayğısına qalarkən maskadan istifadə etməlisiniz. Bundan başqa, öskürür və ya asqırırsınızsa, maska taxın. Qeyd edilib ki, maska taxmaq yalnızca əllərinizi spirt əsaslı məhlulla təmizləyir və ya sabun və su ilə yuyursunuzsa, effektivdir. Həmçinin bildirilib ki, əgər maska taxırsınızsa, ondan necə istifadə etməyi və zibilə necə atmağı bilməlisiniz.
Martın 18-də Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq. Bundan əvvəl koronavirusa yoluxmuş 6 nəfər sağalaraq evə buraxılıb. Beləliklə, Azərbaycanda koronavirusdan sağalanların sayı 10 nəfərə çatıb.
Dünyada koronavirusdan ən çox əziyyət çəkən ölkələr sırasında ikinci yerdə İtaliya dayanır. İtaliyada ciddi ölüm faktları qeydə alınmaqdadır. Belə ki, koronavirusun tüğyan etdiyi İtaliyada ötən sutka ərzində rekord sayda ölüm qeydə alınıb. Ölənlərin sayı 475-i keçib. Bu haqda İtaliyanın mülki müdafiə xidmətinin rəhbəri Anjelo Borelli keçirdiyi brifinqdə açıqlayıb.

Borelli bildirib ki, epidemiya başlayandan bəri ölkədə ölənlərin sayı 3000-ə yaxınlaşır. Sağalanlar isə 4 min nəfərdən çoxdur. Ötən sutka ən çox ölüm hadisəsi Lombardiya əyalətində qeydə alınıb, orada 319 nəfər ölüb.
Borelli ölkə üzrə 37.7 min yoluxma halının qeydə alındığını açıqlayıb. İtaliyada koronavirusdan ölüm halları yoluxanların faizindən çoxunu təşkil edir ki, bu da hazırda dünya üzrə ən yüksək rəqəmdir.
Qardaş Türkiyədə isə daha bir nəfər koronavirusdan ölüb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Twitter hesabından məlumat paylaşan Koca 61 yaşlı kişinin xəstəlik səbəbindən dünyasını dəyişdiyini bildirib. O, həmçinin qeyd edib ki, daha 93 nəfərdə yoluxma aşkarlanıb. Bununla da Türkiyədə ümumi yoluxanların sayı 191 nəfərə çatıb.
İranda hər 1 saatda 43 nəfər yeni koronavirusa yoluxur.
Bunu İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində jurnalistlərə açıqlamasında deyib.
İ.Hərirçinin sözlərinə görə, yoluxma bu virusun epidemioloji gücünü göstərir. Hərirçi əlavə edib ki, bundan əlavə araşdırmalara əsasən, İranda hər 1 saatda 3 şəxs virus nəticəsində dünyasını dəyişir.

“Tibbi tövsiyələrə etinasızlıq virusun İranda yayılmasının əsas səbəbidir. Vətəndaşlar izdihamlı məkanlardan uzaq qalaraq ölümlərə səbəb olmamalıdırlar. Vətəndaşların etinasızlığı tibb işçiləri və həkimlərin virusa yoluxması və bəzi hallarda ölməsi ilə nəticələnir”, - deyə o qeyd edib.
Əlavə edək ki, İranın Qərbi Azərbaycan vilayətində bu günədək 300 nəfər koronavirusa yoluxub və virus nəticəsində 17 nəfər ölüb.
Trend xatırladır ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.

Çinin materik hissəsində isə yeni tip koronavirus (COVID-19) epidemiyası başlayandan bəri ilk dəfə ötən sutka ölkə daxilində ötürülmə yolu ilə yoluxma qeydə alınmayıb.
Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Ötən sutka ərzində 34 nəfərdə COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb ki, onların da hamısı xaricdən Çinə gələnlərdir. Ötən gün Çində COVID-19 səbəbindən 8 ölüm halı baş verib ki, onların da hamısı virusun episentri olan Xubey vilayətinin inzibati mərkəzi Uxanda qeydə alınıb.
Beləliklə, Çində COVID-19-a yoluxanların sayı 80 min 928, ölənlərin sayı isə 3245 nəfərə çatıb. İndiyədək 70 min 420 nəfər sağalaraq xəstəxananı tərk edib.
Çinin materik hissəsindən başqa, Honkonq xüsusi inzibati bölgəsində 192 yoluxma, 4 ölüm, 95 sağalma, Makao xüsusi inzibati bölgəsində 15 yoluxma, 10 sağalma, Tayvan adasında isə 100 yoluxma, 1 ölüm, 22 sağalma halı olub.