COVİD-19 müəmması bitmir - yeni gəlişmə
Tarix: Dünən, 12:57
Baxılıb: 119
Google+ Paylaş
Tumblr Paylaş

COVİD-19 müəmması bitmir - yeni gəlişmə

Dünən, 12:57

Həkim: “Viruslar vasitəsilə rəqibə qarşı müəyyən addımlar atılması cəhdləri inkar edilməməlidir”
Ağ Evin saytında COVİD-19 pandemiyasına səbəb olmuş SARS-CoV-2 koronavirusunun insan tərəfindən yaradılan süni orqanizm olması və Çinin Uhan şəhərindəki laboratoriyadan “sızması” nəzəriyyəsini dəstəkləyən arqumentlərlə bağlı yeni veb səhifə yaradılıb. Bildirilir ki, virus təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir və yoluxanların hamısı əvvəlki pandemiyalardan fərqli olaraq, ilk təmasdaca virusa yoluxublar.
Daha sonra qeyd edilir ki, Uhandakı laboratoriya SARS viruslarının öyrənilməsi üzrə Çində aparıcı laboratoriyadır və orada virusun genomunu redaktə etmək və onun xassələrini “qeyri-adekvat biotəhlükəsizlik səviyyəsi” ilə dəyişdirmək üçün eksperimentlər aparılıb. ABŞ səlahiyyətlilərinə görə, Uhan Virusologiya İnstitutunun bəzi əməkdaşlarında SARS-CoV-2-nin simptomları Uhan bazarında yoluxma faktından aylar əvvəl - 2019-cu ilin payızında müşahidə edilib. “Bütün elmi standartlara görə, SARS-CoV-2 virusu təbii mənşəli olsaydı, indiyə qədər sübutlar ictimaiyyətə açıqlanardı. Lakin belə sübutlar yoxdur”, - veb səhifədə deyilir.
Ağ Evin veb saytındakı eyni səhifədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Kommunist Partiyasının təzyiqinə tab gətirmədiyi və Çinin siyasi maraqlarını beynəlxalq öhdəliklərindən üstün tutduğu üçün kəskin tənqid edilir. Bundan əlavə, Tramp administrasiyası iddia edir ki, Co Baydenin tibbi müşaviri olmuş Entoni Fauçi COVİD 19-un laboratoriyada istehsal olunmadığı və virusun təbii yolla yarandığı fikrini təbliğ etmək üçün çalışıb.
Belə iddia və ittihamlar əsaslıdırmı? Milyonlarla insanın həyatına son qoymuş COVİD-19 süni virus idimi? Çin belə bir etirafı niyə etmir? Beynəlxalq Məhkəməyə verilməkdən, təzminat ödəməkdən, ya nədən ehtiyatlanır?
Qeyd edək ki, COVİD-19 pandemiyasının mənşəyi ilə bağlı mübahisələr hələ də davam edir. Xüsusilə ABŞ və bəzi Qərb ölkələri virusun Çinin Uhan şəhərində yerləşən laboratoriyadan sızdığı və süni şəkildə yaradıldığı fikrini dəstəkləyir. Virusun mənşəyi ilə bağlı elmi cameədə də fikir ayrılığı mövcuddur. Bəzi tibbi və elmi mütəxəssislər laboratoriya sızması nəzəriyyəsini ciddi ehtimal kimi qəbul edir. Misal üçün, ABŞ elm adamı Dr. Steven Quay virusun laboratoriyadan sızmasını sübut edən altı əsas faktın olduğunu bildirib. Kaliforniya Universitetinin fizik professoru Dr. Richard Muller laboratoriya sızması nəzəriyyəsinin daha çox elmi dəlillərlə əsaslandırıldığını vurğulayır. ABŞ Səhiyyə Nazirliyinin keçmiş yardımçı katibi Dr. Brett Giroir virusun laboratoriya işçilərindən yayıldığını iddia edir. Digər tərəfdən, bəzi alimlər virusun təbii mənşəli olduğunu düşünür: Utah Universitetinin virologu Dr. Stephen Goldstein virusun heyvanlardan insana keçdiyini əsaslandıran elmi dəlillərə istinad edir. ÜST-ün Uhan missiyasının üzvü Dr. Peter Daszak isə laboratoriya sızması nəzəriyyəsini dəstəkləyən konkret sübutların olmadığını bildirir.
Çin hökuməti isə zaman-zaman bu iddiaları qəti şəkildə rədd edir və laboratoriya sızması nəzəriyyəsini “siyasi manipulyasiya” adlandırır. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın iddialarının elmi əsasdan yox, siyasi motivlərdən qaynaqlandığını bildirir. ÜST isə əvvəlcə laboratoriya sızmasını az ehtimal olunan hesab etsə də, sonrakı illərdə bu nəzəriyyə də daxil olmaqla bütün ehtimalların açıq saxlanılmalı olduğunu bəyan edib.
Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq
Zülfüqar Yusifov 
Tanınmış həkim və invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov bizimlə söhbətdə deyib ki, Uhan şəhərində SARS virusunun daha yoluxucu forması üzərində tədqiqatlar aparılıb və bu virus laboratoriyada mutasiyaya uğrayıb. Onun fikrincə, nəzarətdən çıxan bu mutasiya pandemiyaya səbəb olub: “Dünyada bioloji silahların tətbiqi ilə bağlı çox sayda cəhdlər barədə biz eşitmişik, bununla bağlı tarixi nümunələr var. Hər halda, viruslar vasitəsilə rəqibinə qarşı müəyyən addımlar atılması cəhdlərinin ola biləcəyi də inkar edilməməlidir. İkinci tərəfdən, farmako industriyanın da bu məsələyə dair müəyyən yanaşmaları ola bilər. Çünki bu cür yoluxmalar, pandemiyalar və digər viruslar dünya düzənini dəyişən, yeni düzənə yeniliklər gətirən böyük, qlobal nəticələrə gətirib çıxarır. Nəticədə böyük iqtisadi nəticələr ortaya çıxır, həm tibbi sferada böyük xərclər tələb olunur. Bir vaxtlar bu istiqamətdə satılan dərman maddələrindən danışılırdı, bunlar külli miqdarda vəsait tələb edir ki, bunun da arxasında hansısa bir düşüncənin gizlənə biləcəyini inkar etmək asan deyil.  Bu baxımdan, məsələlərə çox həssas yanaşılması olduqca vacibdir. Bioloji silahlar varsa, bunların etibarlı və məsuliyyətli əllərdə olması çox vacibdir. Çünki bu cür bioloji silahlarla, viruslarla məşğul olan laboratoriya əməkdaşlarının kiçik bir diqqətsizliyi belə, COVİD-19 misalında olduğu kimi, dünya miqyasında fəlakətlərə yol aça bilər. Bu səbəbdən bu məsələlər hər an dünya gündəmində olmalı və ciddi preventiv tədbirlər görülməlidir”.
Ümumilikdə isə COVİD-19-un mənşəyi ilə bağlı yekdil qərar yoxdur. Elmi və beynəlxalq qurumlar məsələyə ehtiyatla yanaşır və daha çox sübuta ehtiyac olduğunu vurğulayır. Virusun laboratoriyadan sızması ehtimalını ciddi qəbul edənlər olduğu kimi, onun təbii mənşəli olduğunu düşünənlər də az deyil. Bu məsələ ilə bağlı tam şəffaf və qərəzsiz beynəlxalq araşdırmaların aparılması hələ də aktuallığını qoruyur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ