
Azyaşlı uşaqların sağlamlığı ilə bağlı ən kiçik risk belə cəmiyyətdə haqlı narahatlıq yaradır. Xüsusilə söhbət məktəbdən – valideynlərin övladlarını arxayın şəkildə əmanət etdiyi məkandan gedirsə, məsuliyyət daha da artır.
Göygöl rayonunda baş verən son hadisə bu həssas mövzunu yenidən gündəmə gətirib. C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində dərs zamanı 10-a yaxın aşağı sinif şagirdinin halı qəfil pisləşib. Onlar dərhal xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilib. İlkin iddialara görə, şagirdlər məktəbdə qəbul etdikləri qidadan zəhərləniblər.
Baş verənlər məktəblərdə qida təhlükəsizliyi məsələsinə diqqəti bir daha artırır: bufetlərdə satılan məhsulların keyfiyyətinə kim nəzarət edir? Təchizat zənciri nə qədər şəffafdır? Valideynlər övladlarının məktəbdə yediyi qidaya nə dərəcədə əmin ola bilərlər?
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev Musavat.com-a açıqlamasında vacib məqamlara toxunub:" Əslində bir istehlakçı olaraq narahatlıqlarımız əsaslıdır. Hər birimiz ətin mənşəyi və sağlamlığı barədə məlumatlı olmalıyıq. Amma qeyd edim ki, hər hansı ölkədə yoluxucu heyvan xəstəliyinin qeydə alınması avtomatik olaraq həmin ölkədən gələn bütün ətlər keyfiyyətsizdir deməyə əsas vermir. Belə olduqda risk artdığı üçün dövlətlər müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu hal beynəlxalq praktikadır və əsas məqsəd yerli bazarı və heyvan sağlamlığını qorumaqdır.
Azərbaycanın Livan və Litvadan ət idxal etməsi mümkündür. İdxal yalnız xəstəlik olmayan bölgələrdən və zonalaşma prinsipi əsasında həyata keçirilir. Bununla yanaşı xəstəliyin yayıldığı ərazilər müəyyən edildikdə, həmin regionlardan idxalın dərhal dayandırılması düzgün və zəruri addımdır. Aidiyyəti olaraq AQTA-nın qərarı da məhz bu yanaşmaya əsaslanır.
Bir istehlakçı olaraq bizdə yaranan əsas sual alınan ətin mənşəyinə necə əmin olmaqdır. Qanuni idxal olunan ət məhsulları üzərində mütləq baytarlıq-sanitariya sənədləri, mənşə ölkə haqqında məlumat və etiket olmalıdır. Qablaşdırmada istehsalçı ölkə, müəssisənin adı, kəsim tarixi və idxalçı şirkət açıq şəkildə göstərilməlidir. Bu məlumatlar yoxdursa, həmin məhsuldan şübhələnmək üçün əsas var".
Ekspert deyir ki, təcrübədə problem başqadır: "Bəzi hallarda istehlakçı açıq satışda olan ətlərin real mənşəyini ayırd edə bilmir. Xüsusilə bazarlarda və kiçik satış nöqtələrində yerli ət adı altında idxal mənşəli məhsullar satıla bilər. Livan, Litva və ya digər ölkələrdən gətirilən ətlərin zahiri görünüşünə görə dəqiq ayırd edilməsi mümkün deyil. Bu yalnız sənəd və nəzarət mexanizmi ilə müəyyən edilə bilər.
Burada əsas məsuliyyət dövlət nəzarəti ilə yanaşı, satıcının üzərinə düşür. İstehlakçılara tövsiyəmiz ondan ibarətdir ki, ət məhsullarını yalnız rəsmi satış məntəqələrindən alsınlar. Sənəd tələb etməkdən çəkinməməliyik. Şübhəli hallarla bağlı AQTA-ya müraciət edə bilərik. Belə edərək vətəndaş nəzarətini artırmış oluruq. Bu zaman satıcı da daha diqqətli və mənşəyi bilinən ətləri satmağa məcbur olar. Qida təhlükəsizliyi məsələsində əsas prinsip odur ki, mənşəyi bilinməyən ət təhlükə mənbəyidir".






Şərhlər