Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib.
2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
“Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.