Həm Putinə, həm Əliyevə qarşı - Serbiya prezidenti niyə belə edir?
Tarix: 26-07-2020, 16:38
Baxılıb: 904
Google+ Paylaş
Tumblr Paylaş

Həm Putinə, həm Əliyevə qarşı - Serbiya prezidenti niyə belə edir?

26-07-2020, 16:38

Tovuzda başlamış döyüşlərdə Serbiyanın Ermənistana silah satması faktının üzə çıxmasına rəsmi Belqraddan hələ də cavab yoxdur. Serbiya prezidenti Aleksandr Vuçiç də hələ susmağa üstünlük verir.
Həftəsonu müxalif "Serbiya üçün Birlik" blokuna yaxınlığı ilə tanınan Mladjan Corceviçin “Regnum” agentliyində maraqlı məqaləsi yayılıb.
Məqalədən məlum olur ki, hazırda Serbiyanın Kremllə də münasibətləri son dərəcə gərgindir, Vuçiç Vladimir Putinə qarşı çıxmaqda, ona xəyanətdə suçlanır. Yada salaq ki, Vuçiç ötən ay Moskvada keçirilən hərbi paradda iştirak edib.
Miladan Corceviç yazır ki, Serbiyadakı Rusiya əleyhinə kampaniyanın ilk açıq əlamətləri hələ 2019-cu ilin noyabr ayının sonunda başlayıb. Belə ki, Rusiyanın Belqraddakı səfirliyinin əməkdaşı Georgi Kleba bir serbiyalı zabiti “verbovat” etməkdə və ondan gizli məlumatlar almaqda suçlanaraq ölkədən çıxarılmışdı.
Serb müəllif yazır ki, Serbiya prezidenti Vuçiçin Soçiyə səfəri ərəfəsində prezidentin müşaviri Vladmir Beba Popoviçin kurasiyasında olan mediada ilginc məqalə dərc edilib.

Yevgeni Primakov
Məqalədə iddia olunurmuş ki, məşhur Rusiya jurnalisti, Dövlət Dumasının deputatı Yevgeni Primakov öz müəllif verilişi üçün Vuçiçdən müsahibə alıb. Həmin müsahibə arası Primakov Serbiya prezidentinə hökuməti formalaşdıranda müxalifətə də yer verməsini təklif edib. Vuçiç isə dərhal Primakovun sözünü kəsib və onu, demək olar ki, ofisindən qovub. Vuçiç özü yayın əvvəlində B92 telekanalına verdiyi müsahibədə faktı təsdiqləyib. Bu məlumatların və Rusiyaya qarşı yönəlmiş təbliğatın Yevgeni Primakovun “Rossotrudniçestvo”nun rəhbəri təyin ediləcəyi ərəfədə ortaya çıxmasını Rusiya tərəfi təsadüfi hesab etməyib. Sonra mediada "Rusiyanın Aleksandr Vuçiçin müstəqil siyasətinə qarşı olması", Serbiya müxalifətinin dostu Primakovun rəhbərlik etdiyi qurumun isə "Rusiyanın maraqlarının təhdid olunduğu ölkələrdə müxalifət aksiyalarını maliyyələşdirdiyi" iddia edilib. Corceviç iddia edir ki, Rusiyaya ünvanlanan bu cür ittihamlar əsassız olsa da, Serbiya mediasında Rusiyaya qarşı isteriya dalğası davam edib. Rusiya bu dəfə də “Serbiyanın müstəqilliyinə və onun Avropa yoluna təhdid” kimi qiymətləndirilib.
Serb müxalifətçi “Regnum”da yazır ki, anti-Rusiya təbliğatı koronavirusun ilk dalğası dövründə də dayanmayıb.

Rusiya tərəfi Serbiyaya pandemiya ilə mübarizədə ilk yardım əlini uzatsa da, Vuçiç bütün dünya liderlərini "qardaş" və "dost" adlandıraraq onlara təşəkkür edib, amma Rusiyanı “unudub”. Rusiya Serbiyaya 11 təyyarə humanitar yardım, çox sayda həkim göndərsə də, Serbiya lideri Vladimir Putinin adını çəkməyib. Vuçuçin humanitar yardımı hava limanında qarşılamaması, aeroporta Serbiyanın cinsi azlıq nümayəndəsi olan baş naziri Anna Brnabiçi göndərməsi Moskvaya hörmətsizlik kimi izah edilib.
Sanki bu yetərli deyilmiş kimi, sərt karantin zamanı Serbiyanın dövlət televiziyası Vitali Manskinin Putin əleyhinə olan “Putinin şahidləri” filmini bir neçə dəfə nümayiş etdirib.
Koronavirusla mübarizə aparmaq üçün yenidən tətbiq olunan sərt karantin və komendant saatına etiraz olaraq Serbiyada son 20 ilin ən güclü aksiyaları başlayanda da Belqradda anti-Rusiya kampaniyası alovlanıb.
Bütün Serbiya mediası Belqraddakı etiraz aksiyalarının təşkilində Rusiyanın əli olduğu yazıb.

“Serbiskiy teleqraf” isə daha irəli gedərək Primakovla bərabər keçmiş baş nazir Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvedyevanı, “İki başlı Qartal” Vəqfinin direktoru Leonid Reşetnikovu “Vuçiçi devirmək istəyən Rusiyanın dərin dövləti" adlandırıb.
Corceviç iddia edir ki, Serbiyada anti-Rusiya isteriyasının səbəbi sadədir. Buna səbəb Belqrad və Priştina arasında Kosovonun statusu ilə bağlı danışıqların davam etməsidir. Serb, alban və Avropa mediası artıq açıq şəkildə bildirir ki, tərəflər münasibətlərin hərtərəfli normallaşdırılmasına dair razılaşma ərəfəsindədirlər. Bu da Kosovonun Serbiya tərəfindən tanınmadan birbaşa BMT-yə üzv olmaq hüququ əldə etməsinə imkan verəcək. (Məsələn, vaxtilə ADR və AFR arasında münasibətlər bu cür tənzimlənib.) Bu razılaşma isə Corceviçin iddiasına görə, Serbiya Konstitusiyasına və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə ziddir.

Rusiyanın isə bu məsələdəki mövqeyini bir neçə dəfə xarici işlər naziri Sergey Lavrov ifadə edib. Rusiya məsələnin həllinin yalnız 1244 saylı qətnamə çərçivəsində mümkün hesab edir və bu, Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Bu isə Vuçiçə sərf etməyən mövqedir.
“Başqa sözlə, hakimiyyətdə qalmaq üçün Vuçiç təkcə Serbiyaya xəyanət etmir, serblər və ruslar arasındakı qardaşlıq münasibətlərini də pozur”, - deyə, müəllif yazır.
Orxan ƏLİYEV,


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ