Dost və qardaşlıq salnaməsinin ən zəngin səhifələrindən biridir
Tarix: 6-08-2020, 11:51
Baxılıb: 1 534
Google+ Paylaş
Tumblr Paylaş

Dost və qardaşlıq salnaməsinin ən zəngin səhifələrindən biridir

6-08-2020, 11:51

Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin dərin tarixi kökləri vardır. Mübaliğəsiz olaraq Pakistan və Azərbaycanı iki qardaş ölkə adlandırırlar. Hər iki ölkə bir-birinə sıx dostluq telləri ilə bağlıdır. Onlar arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədiyi birgə münasibət və beynəlxalq səviyyədə əməkdaşlıqda da xarakterizə olunur. 
Pakistan 1991-ci ilin oktyabr ayında müstəqillik əldə edən Azərbaycanı tanıyan ilk üç dövlətdən biridir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin mart ayında açılıb. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıbdır. İki ölkə arasında mütəmadi olaraq yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilbəil siyasi münasibətləri dərinləşdirib. 
Pakistanın keçmiş Prezidenti Sərdar Faruq Əhməd Leghqari 1995-ci ilin oktyabrında Azərbaycana səfəri çox əlamərdar olub, iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Ulu öndər Heydər Əliyevin 1996-cı ilin avqust ayında Pakistana səfəri də çox yaddaqalan olubdur. 
Prezident Pərviz Müşərrəfin 2004-cü ilin iyul ayında Bakıya, Prezident İlham Əliyevin 2005-ci ilin aprel ayında Pakistana səfərləri də strateji əlaqələrin hərarətini artırıb. Sonrakı illərdə Prezident İlham Əliyevin Prezidentlər Asif Əli Zərdari, Məmnun Hüseynlə görüşləri siyasi-hərbi, iqtisadi-humanitar əlaqələrdə yeni səhifələr açıbdır. İki dövlət arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması starteji müttəfiqliyi zirvəyə çatdırıb. 
Prezident İlham Əliyevin 2016-cı və 2017-ci illərdə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şəriflə, 2019-cu ilin oktyabr ayında Prezident Arif Alvi ilə görüşləri də ikitərəfli əlaqələrin dinamizmini daha da möhkəmləndirib. Pakistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz qəti mövqeyi bütün dünyaya məlumdur.  Bu ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb və hətta onu bir dövlət kimi tanımayıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. 
2012-ci ilin fevral ayında Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün “Xocalı faciəsi”ni genosid kimi tanınıb. Azərbaycan da həmçinin Pakistanın Kəşmir və Cammu münaqişələrindəki mövqeyini dəstəkləyir. Azərbaycan Kəşmirdə İƏT-in təmas qrupunun üzvüdür. Pakistan da Dağlıq Qarabağda İslam Əməkdaşlıq Təşkilatı təmas qrupunu dəstəkləyir və üzv kimi çıxış edir. 
Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. 
2016-cı ilin aprel döyüşlərində və ötən ay Tovuz istiqamətində baş verən Ermənistanın növbəti təxribatı zamanı Azərbaycanın erməni terrorçularına ağır sarsıdıcı zərbələrini birmənalı olaraq dəstəkləyən və erməni təcavüzünü qətiyyətlə pisləyən, işğalçı ölkəyə qarşı ən sərt addımların atılmasını beynəlxalq təşkilatlardan tələb edən dost ölkələrin sırasında ilk yerlərdə Pakistan dayandı. Bütün bunlar iki xalq arasında mövcud olan qardaşlığın və bağlılığın ən bariz təzahürüdür.
Dost və qardaşlıq salnaməsinin ən zəngin səhifələrindən biri də dar gündə qardaşlıq əlinin uzadılmasıdır. Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin insanpərvər qardaşlıq borcunu Pakistan xalqı heç vaxt unutmayıb. Məlum olduğu kimi XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi altında olanda yerli əhali arasında kütləvi pandemiya yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistana göndərmişdi. Bununla da pandemiyanın qarşısı alınır. Bu yaxşılıq qardaş ölkənin tarix dərsliyində bu gün də tədris daxil edilir.
Azərbaycan dövlətinin xeyriyyəçilik ənənələri illər keçsə də qorunub saxlanıldı və Heydər Əliyev Fondu ötən əsrdəki xeyirxah missiyanı davam etdirməkdədir. 2008-ci ilin fevralında Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb Heydər Əliyev Fondunun köməkliyi ilə yenidən tikilərək şagirdlərin ixtiyarına verildi. Əbəs yerə deyil ki, Pakistan xalqı bu məktəbə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın adını verib. Mehriban xanım Pakistanın bütün əyalətlərində bir sıra səhiyyə, təhsil, inkişaf və humanitar layihələrini də həyata keçirib. Peşəvərdə “Edhi Home”, “Akbar” Beyin İflici İnstitutunda, Ləki Mərvətdəki Qadın və Uşaq Xəstəxanasında Hepatit B virusuna qarşı vaksinasiya, tibbi müayinə və müalicələrin həyata keçirilməsi, Həmzə Fondunun tam təchiz olunmuş təcili tibbi yardım maşını  və minlərlə qan paketləri ilə təmin edilməsi məhz Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşib. Heydər Əliyev Fondu, həmçinin Xayber Göz Fondunun Göz xəstəxanası üçün yeni korpusun və gözləmə zalının tikintisinə, habelə İslamabadda Talassemiya Mərkləzinin yaradılmasına maliyyə yardımı edibdir. Fond dost ölkənin Su Təchizatı Sisteminə də dəstək olub, minlərlə sakini təmiz içməli su ilə təmin edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlığı qədirbilən Pakistan xalqı tərəfindən unudulmur, hər yerdə bu yaxşılıqlar xatırlanır. Nəcib əməllərinə görə, Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı” ilə təltif edilib. Mehriban Əliyeva Pakistanın “Qadın Könüllülər Təşkilatı” tərəfindən “İnsanlığın Simvolu”, “2012-ci ilin Qadını” mükafatlarına da layiq görülüb. 2015-ci ilin fevralında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə mükafatlandırılıb.
Bu gün Azərbaycan və Pakistan sadiq dost və qardaş ölkələr kimi əsil müttəfiqdirlər. Hər iki dövlət daha da qətiyyətlə və prinsipial addımlarla regionda sülh və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır.
Professor Vaqif Abdullayev









 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ