Mədəniyyət kanalında, Yazıçılar Birliyində İran cəsusları var - Mirmahmud Mirəlioğlu
Tarix: 22-10-2021, 11:46
Baxılıb: 691
Google+ Paylaş
Tumblr Paylaş

Mədəniyyət kanalında, Yazıçılar Birliyində İran cəsusları var - Mirmahmud Mirəlioğlu

22-10-2021, 11:46

"İranın casus şəbəkəsinin bu qədər çox olmasının səbəbi Azərbaycan hakimiyyətinin yanlış siyasətidir. Bizim keçmiş MTN nazirimiz DİN sistemindən gəlmiş, işini bilməyən, dövlətçilikdən xəbəri olmayan, anti-Azərbaycan mövqeyində olan bir adam idi. O, təhlükəsizlik orqanını darmadağın etdi. İranın casus şəbəkəsi niyə bu münbit şəraitdən istifadə etməsin?! Bu şəbəkə məktəblərimizə, dinimizə, siyasətimizə də sızdı". 

"Rupor" xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya müsahibəsində Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Partiya sədri daha sonra vurğulayıb ki, bu şəbəkə o qədər güclənib ki, indi hakimiyyət bunun çarəsini axtarır: "Azərbaycan teleməkanı İran casusları ilə doludur. Mən bunu bütün məsuliyyətimlə ilk dəfədir sizə deyirəm. Mədəniyyət kanalında da, Yazıçılar Birliyində də bu şəbəkənin adamları var. Şəbəkəni məhv etmək üçün tarixi öyrənmək lazımdır". 

Mirmahmud Mirəliğolu jurnalistin "Sözügedən casus şəbəkəsindən sifariş əsasında hansısa təxribat gözləmək olarmı" sualına cavab verərkən hər şeyə hazır olmağın vacibliyini önə çəkib: "Amma millətini, dövlətini düşünən təbii ki, bunu etməz. Bunun qarşısını almaq üçün hər birimiz əsgər olmalıyıq. Siyasi sayıqlıq da lazımdır. Beyni yuyulmuş insanlar da var. Bunun qarşısını ala bilərik, bu istəyi də Azərbaycan hakimiyyəti ifadə edib". 

İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecatın ölkəmizdə 30 illik fəaliyyətinə də münasibət bildirən partiya sədri bu şəxslə bağlı dəfələrlə hakimiyyətin qarşısında konkret faktlarla məsələ qaldırdıqlarını söyləyib: "Bu adamlar “Xomeyni İmdad Xeyriyyə cəmiyyəti” adı ilə bir çox şeylər etdilər. Şəhid ailələrinin övladlarına toy etdilər. Ocaqnecatın rəhbərliyi ilə şəhid qızlarını gəlin köçürdülər. Casus şəbəkəsi insanların qəlbinə bu cür sızdı, qazi ailələrinə, şəhid ailələrinə dəstək verdilər. Ona görə dedim ki, bu ailələrə dövlət sahib durmalıdır. Cehizlərin verilməsi kampaniyasını dövlətin televiziyası olan AzTV reklam etdi. Bu yolla şəbəkə genişlənməyə başladı. 

Ocaqnecatın bura gələndə kiçik zabit olduğunu, geri qayıdandan sonra yəqin ki, general alacağını iddia edən Mirmahmud Mirəlioğlu onun və onun kimilərin əlini öpən dindarlarımızın olduğunu xatırladıb: "Bunların hamısı bu hökumətin gözünün qabağında baş verib. Dövlət strukturları aldığı maaşa, oturduğu yerə görə cavab verməlidir. Onu Şuşaya apardılar. Arxasında namaz qıldılar. Biz etiraz etdik, daha sonra tez şəkilləri saytdan yığışdırdılar. Hüquq- mühafizə orqanları bu məsələni araşdırıb vətəndaşa məlumat verməlidir, vətəndaş da arxayın olmalıdır ki, onun dedikləri yerinə yetirildi, yaxud təhlükəsizliyimiz artıq təmin olunub. Bunlar bir dəfə papaq etsələr, minlərlə adamı küçələrə çıxararlar. Bunun qarşısı vaxtında alınmalı idi"


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ