Rusiyada güc strukturları tərəfindən işgəncələrə məruz qalaraq həyatını itirmiş Ziyəddin və Hüseyn Səfərovların cənazəsinin Azərbaycana gətirilməsi üçün dövlətimiz böyük qətiyyət göstərdi, çox ciddi addımlar atıldı. Qısa bir zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılanmasında izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər.
Reportyor.tv Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.
S.Hüseynli Azərbaycan tərəfindən tibbi ekspertizanın aparıldığını bildirib. O qeyd edib ki, tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatlarla meyitlərin üzərində olan əlamətlər uyğunluq təşkil etməyib: "Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə-tibbi ekspertiza prosesi aparıldı. Nəşlərin tanınmasında mən özüm birbaşa iştirak elədim. İstintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır işgəncə izləri və çoxsaylı öldürücü əlamətlər göstərdi ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar. Bunu böyük ağrı hissi ilə qarşıladım. Təəssüf doğuran haldır ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi açıqlamada onların stabil bir vəziyyətdə, həyəcandan ürək tutmasından dünyalarını dəyişmələrinin ağ bir yalan olduğu, Rusiyanın çirkin simasına xas bir uydurma olduğu mənim gözümün qarşısında təkrar öz təzahürünü tapdı. Bundan sonrakı istintaq orqanlarının işidir. Mən sadəcə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı gerçəklərin ortaya çıxması üçün, bütün imkanlar səfərbər edilib. Bizim hələki doğma Mərzili kəndinə qayıtmağa imkanımız olmadığı üçün, Ağcabədidə aldığımız bu evdə vida mərasimi olacaq. Vida mərasimi keçirildikdən sonra, cənazə namazı qılınacaq. Ondan sonra, yaxınlıqdakı mənim atam, anam, yaxınlarınızın dəfn edildiyi məzarlıqda dəfn olunacaqlar.
S. Səfərov hazırda Rusiyada saxlanılan və ciddi xəsarət alan soydaşlarımızın hüquqlarının müdafiəsində dövlətimizin dəstəyinə güvənir.
"Orda qalanlardan ciddi xəsarət alanlarda var. Onların bir qismi hələ də təcridxanadadılar. Onların barəsində uydurma bir məhkəmə prosesi keçirilir. Onların içərisində mənim qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Ona məhkəmə tərəfindən verilən 72 saat müddət artıq başa çatmasına baxmayaraq, mənə elə gəlir ki onun çıxması üçün, süni maneələr yaradılması düşüncəsindəyəm. Amma ümidvaram ki, belə olmaz. Amma açıq deyin ki, ümidlərim azdır onlara. Amma inanıram ki, bu işdə nə olsa, nəyə nail olsaq bizim dövlətin gücü sayəsində bu mümkün olacaq." deyə bildirib
