Kreml Ukraynaya qarşı savaşa başlamaqla, nə qədər böyük strateji səhvə yol verdiyini indi daha yaxşı anlayır, ona görə də, Rusiya geri çəkilərək, öz qoşunlarını yalnız Donbas bölgəsində cəmləşdirməyə çalışır; Ancaq Rusiya və Ukraynanın yeni hərbi manevrləri nə qədər qəribə də olsa, yenə də ABŞ və Qərbin Ukrayna savaşını uzatmaq planlarını gücləndirir...
Ukrayna savaşı növbəti mərhələyə keçməyə başlayıb. Bu savaşın aktiv fazası artıq demək olar ki, sona çatmaq üzrədir. İndi bundan sonra daha uzun çəkə biləcək passiv fazanın davam edəcəyi gözlənilir. Və yəqin ki. məhz bu mərhələdə həm Rusiyanın, həm də Ukraynanın gələcək taleyi aydınlaşdırmağa başlayacaq.Onu da qeyd etmək lazımdır ki, müharibənin aktiv fazasının mövcud nəticələrinə uyğun olaraq, Ukrayna savaşının ilkin qalibini və ya məğlubunu müəyyən etmək mümkündür. Mövcud nəticələr Rusiyanın artıq məğlub tərəf olduğunu göstərir. Çünki Kreml sürətli işğal planını reallaşdırılmağa nail ola bilmədi. Əksinə, çoxlu sayda canlı qüvvə və hərbi texnika itirərək, savaşın ilk günlərində işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək məcburiyyətində qaldı.

Əslində isə Rusiyanın Ukraynanın işğal edilməsinə hərbi potensialı yetərli olmadı. Savaşın ilk günlərində elan edildiyinin əksinə olaraq, Kreml Ukraynada hakimiyyəti dəyişmək hədəfindən də uzaq qaldı. Ən əsası isə Rusiya ordusu Ukraynanın rusdilli əhalisinin dəstəyini qazana bilmədi və Kreml bu sosial təbəqənin rəğbətini demək olar ki, həmişəlik itirdi.
Digər tərəfdən, Ukraynanı da bu mərhələdə savaşın qalibi hesab etmək bir qədər çətindir. Çünki bu ölkə də ağır dağıntılara məruz qalıb. İndi Ukraynanın savaş ucbatlndan üzləşdiyi maliyyə-iqtisadi itkilər yüz milyardlarla dollar məbləğində hesablanır. Və Ukraynanın bərpa olunmasına bundan sonra yəqin ki, həm onilliklər, həm də külli miqdarda maliyyə vəsaiti lazım gələcək.
Ancaq Ukrayna savaşının nisbi qalibi də olmamış deyil. Belə ki, ABŞ və Qərb Ukrayna savaşında özünün bir çox strateji hədəflərinə çatmağa nail oldu. Xüsusilə də, ABŞ hazırda mövcud olan savaş nəticələrindən məmnun ola bilər. Hər halda, Ağ Ev ABŞ-ın iki əsas beynəlxalq düşmənindən biri hesab etdiyi Rusiyanı "savaş bataqlığı"na çəkməyi bacardı. İndi ABŞ-ın yeni hədəfi Rusiyanı "savaş bataqlığı"nda mümkün qədər uzun müddət tutaraq, öz düşmənini daha da zəiflətməkdən ibarətdir.

Nəhayət, Ağ Ev Ukrayna savaşı sayəsində NATO-nu da xilas etdi və ya bu hərbi-siyasi alyansın ömrünü uzatdı. Halbuki, Ukrayna savaşından öncə NATO-ya üzv olan Avropa Birliyi ölkələri bu qurumun mövcudluğuna artıq ehtiyac olmadığını iddia edirdilər. Hətta NATO-ya ödənilən külli miqdarda üzvlük haqları hesabına Avropa Birliyi ölkələrinin ortaq ordusunun yaradılması ideyasının da müzakirəsinə başlamışdılar. Və anlaşılan odur ki, Avropa Birliyi ölkələri bundan sonra uzun müddət NATO-nun ləğv edilməsi barədə danışmağa cəsarət etməyəcəklər.
Göründüyü kimi, müharibə meydanında Rusiya və Ukrayna vuruşsa da, əslində, qalibiyyət faktorları məhz ABŞ-ın əlində cəmləşib. Bu baxımdan, hesab etmək olar ki, Rusiya və Ukrayna müəyyən mənada, məhz ABŞ-ın strateji maraqlarını təmin etmək üçün savaşmış oldular. Bu reallıq ABŞ-ı nə qədər savaşın yeganə qalibi statusunda göstərirsə, Rusiya və Ukraynanı da bir o qədər məğlub ölkələr durumuna salır.
Maraqlıdır ki, həm Kreml, həm də rəsmi Kiyev artıq bu reallığı anlamağa başlayıb. Ona görə də, hər iki tərəf savaşdan mümkün qədər sərfəli şərtlər altında çıxmağın yollarını axtarmağa başlayıblar. Belə ki, indi hər iki tərəf üçün "qürurlu sülh müqaviləsi" modeli vəziyyətdən uğurlu çıxış yolu hesab oluna bilər. Halbuki, indiki halda, belə bir modelin tapılması da qətiyyən asan məsələ deyil.

Təbii ki, Rusiya və Ukraynanın bu hərbi manevrləri yenə də ABŞ və Qərbin maraqlarına cavab verir. Belə ki, ABŞ və Qərb Ukrayna savaşının mümkün qədər uzadılmasında birmənalı şəkildə maraqlıdır. Ağ Ev indi Ukrayna ordusuna Donbas bölgəsində uzunmüddətli savaş üçün böyük önəm daşıyan yeni silah növləri verməyə hazırlaşır. Yəni, ABŞ indi ilkin mərhələsində yeganə qalib dövlət statusu qazandığı Ukrayna savaşının mümkün qədər uzadılmasının planlarını qurmağa başlayıb. Və buna nail olub-olmayacağı yəqin ki, savaşda iştirakçı olan tərəflərin atacağı addımlardan, verəcəkləri qərarlardan aslılı olacaq.
Elçin XALİDBƏYLİ