Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.
Şuradan Reportyor.tv verilən xəbərə görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib.
Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.
