Ötən gecə Bakıətrafı qəsəbələrin bir neçəsində elektrik enerjisinin veriliməsində problemlər yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, gecə saatlarında Pirşağı qəsəbəsi, Qaraçuxur qəsəbəsi və Binə qəsəbəsinin əksər hissələrində işıqlar sönüb. Abonentlərin bildirdiyinə görə, axşam saatlarından elektrik enerjisinin gərginliyi azalıb. Bir neçə dəfə sönüb yanan işıqlar sonradan tamam kəsilib.
Vətəndaşlar sosial şəbəkələrdə “199” qaynar xəttinə də edilən zənglərə cavab vermədiyini iddia ediblər.
Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən Referans.az-a verilən açıqlamada iddiaların əsassız olduğu bildirilib.
“Bakının adıçəkilən qəsəbələrində elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı məlumatlar yanlışdır. Belə kütləvi açılmamız olmayıb. Sadəcə Biləcəri qəsəbəsində problem müşahidə olunub və elə həmin gün də ərazidə elektrik enerjisi bərpa olunub. Bununla bağlı Fövqəladə hallar nazirliyi də açıqlama vermişdi”.
