Xəbər verdiyimiz kimi, 171 nömrəli avtobus fəaliyyətini dayandırdığı üçün oktyabrın 1-dən etibarən onu 150 nömrəli marşrut əvəz etməyə başlayıb.
Qeyd edək ki, 171 nömrəli avtobus köhnə tipli avtobuslardan olsa da, 150 nömrəli “BakuBus” MMC-yə aid olan yeni avtobuslardandır.
Bu yenilik sərnişinlərin bir çoxu tərəfindən sevinclə qarşılansa da, onlarda sual da yaradıb. Sərnişinlər 150 nömrəli marşrutun qiymətinin 55-60 qəpik olacağını düşünsə də, qiymət dəyişməyərək 70 qəpik olaraq qalıb.
Belə ki, Koroğlu-Nardaran istiqamətində fəaliyyət göstərən 189 nömrəli marşrutda gedişhaqqı 55 qəpik, Koroğlu NMM-Mərdəkan qəsəbəsi istiqamətindəki 140 E marşrutu isə 60 qəpikdir. 150 saylı avtobusda isə gedişhaqqı 70 qəpikdir.
Qiymətlərdəki bu cür fərqliliklər isə sərnişinlər arasında müəyyən çaşqınlıqlar yaradır.
Bu fərqliliklərin səbəbi nədir? Qiymətlər nəyə əsasən təyin edilir? Kartsız işləyən avtobuslarda məsafəyə görə dəyişən gedişhaqqı, niyə kartla işləyən avtobuslarda tənzimlənmir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, müntəzəm şəhərdaxili avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir:
“Koroğlu Nəqliyyat Mübadilə Mərkəzini Bilgəh qəsəbəsi ilə əlaqələndirən 150 nömrəli şəhərətrafı marşrut xəttinin dövr uzunluğu 67 km təşkil edir”.
Qurum rəsmisinin sözlərinə görə ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun tarixində qəbul edilən qərar var:
“Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gedişhaqqı 50 qəpik, 15 km-dən 30 km-dək gedişhaqqı 60, 30 km-dən 40 km-ə qədərdirsə 70 qəpik təşkil edir. 150 nömrəli marşrut xəttinin dövr uzunluğunun yarısı 33,5 km təşkil edir və gediş haqqı 70 qəpik müəyyən edilib”./ Bizim.Media