"Xammalın bahalaşması çörək istehsalçılarını məhsulun qiymətini qaldırmağa vadar edib"
reportyor.tv bildirir ki, bu sözləri “OBA” marketlər şəbəkəsinin PR meneceri Kamilə Məhərrəmli dünən axşam saytımızda yayımlanan xəbərlə bağlı ("OBA" çörəyin qiymətini ÖZBAŞINA QALDIRIB? - FOTO/FAKT) saytımıza verdiyi açıqlamasında söyləyib.
Onun sözlərinə görə, yayımlanan fotodakı qiymətlik “Alman çörəyi”nə aid deyil:
“Hazırda “OBA” marketlər şəbəkəsində “Çörəkçi” zavoduna aid 450 qramlıq “Alman çörəyi”nin satış qiyməti 85 qəpik, “N1” zavoduna aid 450 qramlıq “Alman çörəyi”nin satış qiyməti 95 qəpik təşkil edir. Mövcud durumda xammalın qiymət artımı çörək istehsalçılarını məhsulun qiymətinin qaldırılmasına vadar edir. “OBA” marketlər şəbəkəsi olaraq, verilən tövsiyə qiymətlərini rəfdə sərgiləyirik. Fotodakı 65 qəpiklik qiymətlik isə 600 qramlıq zavod çörəyinə aiddir və bu aydın şəkildə görünür. Həmçinin qeyd edim ki, marketlərimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir. Əgər müştərilərimiz hər hansı bir problemlə üzləşərsə, *2016 çağrı mərkəzimizlə əlaqə saxlaya bilərlər”.
Xəbərimizə operativ reaksiyaya görə “OBA” marketlər şəbəkəsinin PR meneceri Kamilə xanıma minnətdarlığımızı bildirməklə yanaşı, eyni zamanda dünəndən etibarən 85 və 95 qəpiyə satılan iki növ "Alman çörəyi" nin bahalaşmadan əvvəlki satış qiymətini də oxucularımızın nəzərinə çatdırması yerinə düşərdi.
