ABŞ prezidenti Donald Tramp Kiyevin Krımın Rusiya ərazisi kimi tanınması və NATO-ya üzv olmaqdan imtinası ilə bağlı cavab verəcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinin dərc etdiyi məqalədə deyilir.
Jurnalistlər mənbələrə istinadən bildirirlər ki, bu fikirlər Parisdə Ukrayna hakimiyyətinə və avropalı müttəfiqlərə verilən məxfi sənəddə öz əksini tapıb.
Qəzet yazır: “Ukrayna bu həftə Tramp administrasiyasının ABŞ-ın Rusiyanın Krımı işğal etməsini potensial olaraq tanıması və Kiyevin NATO-ya üzv olmaqdan imtinası da daxil olmaqla, bir sıra ideyalara cavab vermək üçün təzyiq altındadır”.
WSJ qeyd edir ki, Qərb rəsmilərinin sözlərinə görə, bu fikirlər Trampın komandasının ukraynalı həmkarlarına təqdim etdiyi məxfi sənəddə öz əksini tapıb. Onlar həmçinin yüksək səviyyəli Avropa rəsmiləri ilə paylaşılıb.
"ABŞ indi Kiyevin cavablarını gözləyir, yəqin ki, ABŞ, Ukrayna və Avropa nümayəndələrinin Londonda keçiriləcək görüşündə açıqlanacaq. Əgər tərəflər öz mövqelərində razılaşarsa, onları Moskvaya çatdırmaq olar", - nəşr yazıb.
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Trampın ideyalarını Kiyevin “almaq və ya rədd etmək”dənsə, düşünməli olduğu variantlar kimi təsvir edib. Rəsmi, "müzakirə və rəy üçün potensial variantların siyahısı"nın təqdim edildiyini söyləyib.
ABŞ-ın digər ideyası, Qərb rəsmilərinin fikrincə, Zaporojjya Atom Elektrik Stansiyasının yaxınlığında Amerikanın nəzarəti altında ola biləcək ərazinin neytral olaraq təyin edilməsini nəzərdə tutur.
