Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb?
İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb?

2026-cı ilin 6 ayında ötən ilin analoji dövrünə nisbətən Azərbaycanda inflyasiya 5,7 faiz təşkil edib. O, cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,7 faiz, qeyri-qida məhsulları 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5,7 faiz bahalaşıb.

Bu barədə bu gün, iyulun 14-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Amma müstəqil iqtisadçılar bu rəqəmə bir qədər şübhə ilə baxırlar. Onların iddiasına görə, əslində Azərbaycanda inflyasiya ikirəqəmli olub. Azərbaycan Mərkəzi Bankı (MB) mayda bildirmişdi ki, bu il ölkədə 5,9 faiz inflyasiya proqnozlaşdırır. Ondan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz olacağını bəyan etmişdi. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ölkədə rəsmi işləyənlərin sayı isə azalır. Qurumun açıqlamasına görə, bu il iyunun 1-də ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790 min 600 nəfər olub. Onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. DSK-nın statistikasına görə, rəsmi işləyənlərin sayı ondan 1 ay əvvəllə müqayisədə 2, ilin əvvəlinə nisbətdə isə 18 minə yaxın azalıb. Azalma daha çox qeyri dövlət sektorunda baş verib. Rəsmilər, hələlik, bunun səbəbini açıqlamayıblar. Amma bu ilin əvvəlindən Azərbaycanda qeyri özəl sektor gəlir vergisinə cəlb edilib.

İlin ikinci yarısında həm inflyasiya, həm də məşğulluqla bağlı hansı tendensiyalar gözlənilir? Dövlət hansı addımları atmalıdır?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İnflyasiyanın artması ilə işləyənlərin sayının azalması arasında birbaşa əlaqə yoxdur, çünki bunlar fərqli amillərdən qaynaqlanan fərqli proseslərdir. Mərkəzi Bankın öz proqnozlarını artırması da göstərir ki, inflyasiyanın yüksəlməsinin arxasında tam ciddi səbəblər dayanır. Bu səbəbləri əsasən iki qrupda qruplaşdırmaq olar. Birincisi, daxili tarif və qiymət artımıdır. Ötən ilin dekabrında Tarif Şurasının enerji daşıyıcılarının və bəzi kommunal xidmətlərin, xüsusən də benzin və dizelin qiymətini qaldırması daxili daşınma, istehsal və saxlama xərclərini artıraraq ümumi qiymət artımına birbaşa təsir göstərdi. İkinci əsas səbəb isə xarici amillər və idxal inflyasiyasıdır. Bölgədə baş verən hərbi münaqişələr və Hörmüz boğazı ətrafındakı gərginlik ölkəyə idxal olunan malların və logistika xərclərinin kəskin artmasına gətirib çıxardı. Mərkəzi Bankın məlumatlarına görə, Azərbaycandakı inflyasiyanın əsas səbəbi 65 % birbaşa idxalla bağlıdır və ümumilikdə qiymət artımının 70-75%-i təklif və xərc amillərindən qaynaqlanır. Əsasən Türkiyə, Çin, Rusiya və Avropadan idxal etdiyimiz üçün həmin ölkələrdəki bahalaşma daxili bazara birbaşa təsir edir. Bu səbəbdən inflyasiyanın hələ bir müddət də artan templə davam edəcəyini və 6%-i üstələyəcəyini gözləyirdik, çünki qlobal proseslərin qiymətlərə təsiri anbar ehtiyatlarının yenilənməsi və köhnə müqavilələrin başa çatması ilə tədricən özünü büruzə verir. Orta aylıq əməkhaqqı da 6,5-7 faiz artıb”.

İqtisadçı qeyd edir ki, işləyənlərin sayının azalması tamamilə fərqli struktur problemlərindən qaynaqlanır: “Dövlət sektoru uzun illər səmərəsiz dərəcədə böyümüşdü, hazırda isə bu sektorda kəskin ixtisarlar gedir və dövlət artıq yeni iş yerləri açmaqda maraqlı deyil. Səmərəsiz və böyük dövlət sektoru bürokratiyanı artırır və resursların qeyri-effektiv xərclənməsinə səbəb olur, çünki dövlət bu xərcləri ödəmək üçün vəsaiti ya neft gəlirlərindən, ya da vergiləri artırmaqdan əldə etməlidir ki, bu da uzunmüddətli dövrdə effektiv model deyil. Müqayisə üçün qeyd edək ki, bir neçə il əvvəl dövlət sektorunda məşğulluq özəl sektordan çox idi (təxminən 50-51% dövlət, 49-50% özəl). İndi bu nisbət bir qədər özəl sektorun xeyrinə dəyişsə də, normal bazar iqtisadiyyatlarında dövlət sektorunun payı 20-30%-dən çox olmur və bizdə hələ də bu sahənin ən azı 15-20% kiçilməsinə ciddi ehtiyac var. Digər tərəfdən, dövlət sektorunda ixtisar olunan işçiləri özəl sektor tam qarşılaya bilmir, çünki qeyri-neft sektoru zəif inkişaf edib. İslahatların zəruriliyindən illərdir danışılsa da, inkişaf tempi çox zəifdir və bu səbəbdən ölkədə güclü iqtisadi alt struktur formalaşmayıb. Hazırda dövlətin kifayət qədər böyük strukturu, çoxsaylı nazirlikləri və inzibati resursları mövcuddur, hətta dövlət sektorunda maaşlar özəl sektordan yüksək olduğu üçün işçilər özəldən dövlətə keçməyə can atırlar. Aidiyyatı qurumların bu vəziyyətdən çıxış yollarını tapmaq üçün geniş imkanları olsa da, atılmalı olan ən fundamental addım qeyri-neft sektorunun və qeyri-neft ixracatının inkişafı üçün kəskin və ciddi islahatların aparılmasıdır. Yalnız bu yolla iqtisadiyyatın davamlı, neftdən asılı olmayan inkişafını təmin etmək və yeni iş yerləri yaratmaq mümkündür”.


Afaq Mirayiq,
Musavat.com

Şərhlər