
Hüquqşünas deyir ki, sabiq icra başçısının istintaqının uzadılması qanunvericiliyin nəzərdə tutduğu mümkün prosedurdur
Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin 13 aylıq həbsdə saxlanılma müddəti başa çatır.
“Qafqazinfo” xəbər verir ki, həmin müddət ibtidai istintaqın yekunlaşması üçün yetərli olmayıb. İstintaq orqanı əlavə sübutların toplanması zərurəti ilə bağlı məhkəməyə vəsatət verib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən verilən vəsatətdə irihəcmli cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin davam etdiyi bildirilib, bu səbəbdən təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin müddətinin uzadılması istənilib.
Səbayel Rayon Məhkəməsi vəsatəti əsaslı hesab edib. Musa Şəkiliyevin əlavə 6 ay həbsdə qalmasına qərar verilib. Məlumat üçün bildirək ki, xüsusilə ağır cinayət işlərində təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 13 aydır. Zəruri hallarda bu müddət 6 aydan artıq olmamaqla uzadıla bilər.
Xatırladaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində 66 yaşlı icra başçısı Musa Şəkiliyev saxlanılıb. Prezident tərəfindən vəzifəsindən azad edilən Şəkiliyevə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Yeri gəlmişkən, DTX tərəfindən ötən ilin dekabrında saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayevin istintaqı da uzanır. İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyi bu məsələyə kifayət qədər dəqiq yanaşır: "Cinayət Prosessual Məcəlləsinə əsasən, həbs qətimkan tədbiri cəza deyil, istintaqın normal aparılmasını təmin edən prosessual məcburiyyət tədbiridir. Başqa sözlə, məhkəmə hökmü çıxarılana qədər şəxs təqsirləndirilən hesab olunsa da, hüquqi baxımdan günahsızlıq prezumpsiyası qüvvədə qalır. Məhz buna görə də istintaq orqanı hər dəfə məhkəmədən həbs müddətinin uzadılmasını istəyərkən məhkəməyə konkret əsaslar təqdim olunmalıdır. Belə əsaslara adətən böyük həcmdə maliyyə sənədlərinin araşdırılması, çoxsaylı şahidlərin dindirilməsi, ekspertizaların tamamlanması, digər təqsirləndirilən şəxslərlə bağlı istintaq hərəkətlərinin aparılması, beynəlxalq sorğuların cavabının gözlənilməsi və digər obyektiv səbəblər daxildir. Hüquqi dövlətin əsas prinsipi ondan ibarətdir ki, ən ağır ittiham irəli sürülən şəxs belə, məhkəmənin qanuni hökmü qüvvəyə minənədək günahsız hesab olunur. Buna görə də istintaqın uzun çəkməsi şəxsin hüquqlarının məhdudlaşdırılmasına avtomatik əsas vermir. Hər uzadılma qərarı ayrıca hüquqi əsaslandırma tələb edir".
Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyi xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq zamanı şəxsin həbsdə saxlanılmasının maksimum müddətini müəyyən edib: “Lakin qanun eyni zamanda istisna da nəzərdə tutur. Əgər cinayət işi xüsusilə mürəkkəbdirsə və istintaqın başa çatdırılması obyektiv olaraq mümkün olmayıbsa, məhkəmə həmin müddəti əlavə 6 ay uzada bilər. Bu isə faktiki olaraq o deməkdir ki, xüsusilə ağır cinayət işlərində şəxs hökm çıxarılana qədər maksimum 18 aya qədər həbsdə qala bilər”.
Müsahibimizə görə, təcrübədə dövlət qurumlarında korrupsiya və mənimsəmə cinayətləri üzrə işlər adətən çoxcildli olur: "Dövlət satınalmaları, maliyyə sənədləri, tenderlər, büdcə vəsaitlərinin hərəkəti, ekspertiza rəyləri aylarla araşdırılır. Lakin hüquqi baxımdan cinayət işinin həcminin böyük olması öz-özlüyündə həbsin uzadılması üçün kifayət etmir. İstintaq orqanı məhkəməyə hansı konkret istintaq hərəkətlərinin qaldığını və onların niyə əvvəl tamamlanmadığını izah etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış praktikasına görə, uzunmüddətli həbs yalnız "ağlabatan və kifayət qədər əsaslar" mövcud olduqda qanuni sayıla bilər.
Məhkəmə dəfələrlə vurğulayıb ki, yalnız ittihamın ağırlığı və ya cinayət işinin mürəkkəbliyi uzun müddət həbsdə saxlamaq üçün kifayət deyil. Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin cinayət işi üzrə də istintaqın davam etməsi göstərir ki, son illərdə yüksək vəzifəli şəxslərlə bağlı iqtisadi və korrupsiya cinayətləri üzrə araşdırmalar uzunmüddətli xarakter daşıyır. Belə işlərdə maliyyə axınlarının araşdırılması, çoxsaylı şahidlərin ifadələri və ekspertiza rəyləri istintaq müddətinin uzanmasına səbəb olur. Bununla belə, hər bir uzadılma qərarı ayrıca məhkəmə nəzarətindən keçməli və qanunun tələb etdiyi meyarlara cavab verməlidir. Musa Şəkiliyevin həbs müddətinin daha 6 ay uzadılması qanunvericiliyin nəzərdə tutduğu mümkün prosedurdur".
Reportyor.tv






Şərhlər