Vatikan Roma Papası Fransiskin mənəvi vəsiyyətini ictimaiyyətə təqdim edib. Sənəddə pontifik qeyd edir ki, o, özünü hər zaman Müqəddəs Məryəmə həvalə edib və həyatının son illərində yaşadığı əzabları “dünyada sülh naminə” Tanrıya qurban verib.
Vəsiyyət mətni "Vatican News" saytında dərc olunub.
“Yer üzündəki ömrümün sonuna yaxınlaşdığımı hiss edərək və əbədi həyata olan canlı ümidlə, yalnız dəfn olunacağım yerə dair son istəyimi bildirmək istəyirəm”, – deyə sənəddə qeyd olunur.
Papa Fransisk həyatını və pontifik fəaliyyətini hər zaman Müqəddəs Məryəmə həvalə etdiyini vurğulayıb:
“Bu səbəbdən xahiş edirəm ki, nəşim Müqəddəs Məryəm Papalık Bazilikasında dəfn edilsin”.
“Mənim üçün həmin Papalık Bazilikasında, yerin altında sadə, bəzəksiz və üzərində yalnız “Franciscus” yazılmış bir qəbir hazırlanmasını rica edirəm”, – deyə sənəddə qeyd olunur.
Bundan əlavə, Fransisk bildirib ki, dəfn hazırlıqları ilə bağlı bütün xərclər onun Santa-Maria-Madjor Bazilikasına ianə etdiyi vəsait hesabına qarşılanmalıdır.
Qeyd olunub ki, Papa Fransisk bu vəsiyyəti 29 iyun 2022-ci il tarixində yazıb.
Papa Fransisk Pasxa bazar ertəsi, səhər saat 7:35-də, 88 yaşında vəfat edib.
O, 2013-cü ildən Roma Papası idi.
Son illərdə, xüsusilə bu ilin fevral ayından etibarən tez-tez xəstələnirdi. İki tərəfli pnevmoniya keçirdiyi üçün səhhəti ciddi şəkildə pisləşmişdi.
Buna baxmayaraq, Pasxa bayramında Papa Fransisk son dəfə ictimaiyyət qarşısına çıxmış və bayram çıxışı zamanı Ukraynanı da yad etmişdi.