
Regionda gərginlik sürətlə artarkən İrandan Türkiyə istiqamətində atılan daha bir raket yeni təhlükəli ssenariləri gündəmə gətirib. Türkiyə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqlarının Adıyaman bölgəsində tapılması artıq məsələni təkcə texniki hadisə yox, siyasi və hərbi təhlükəsizlik məsələsinə çevirib. Bu hadisə Ankaranın mümkün cavab addımları barədə müzakirələri də gücləndirib.
Təhlükəsizlik analitikləri baş verənləri Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirirlər.
İrandan buraxılan raketin Türkiyə hava məkanına daxil olması faktının özü belə Ankara üçün ciddi hərbi və siyasi siqnal hesab olunur. Bu səbəbdən Türkiyənin məsələyə yalnız müdafiə mövqeyindən yanaşmayacağı ehtimalı getdikcə daha çox səsləndirilir.
Türkiyə uzun illərdir ki, öz təhlükəsizlik doktrinasında “təhdidi mənbəyində zərərsizləşdirmək” prinsipinə üstünlük verir. Suriyada PKK və İŞİD mövqelərinə qarşı həyata keçirilən əməliyyatlar da məhz bu strategiyanın nəticəsi idi. Bu baxımdan bəzi analitiklər hesab edir ki, əgər Türkiyəyə qarşı raket hücumları davam edərsə və ya təkrarlanarsa, Ankara İran ərazisində yerləşən müəyyən raket infrastrukturlarını potensial hədəf kimi nəzərdən keçirə bilər.
Türkiyə Silahlı Qüvvələrinin son illərdə qazandığı texnoloji üstünlüklər də bu ehtimalı daha real edir. Ankara həm pilotsuz uçuş aparatları, həm də uzaqmənzilli zərbə sistemləri ilə regionda ən güclü ordulardan birinə çevrilib. Türkiyənin “Bora” taktiki ballistik raketləri, “Akıncı” və “Aksungur” kimi ağır zərbə PUA-ları, eləcə də uzaqmənzilli hava zərbə imkanları potensial olaraq İranın sərhədə yaxın hərbi obyektlərini hədəf almağa imkan verir.
Bununla yanaşı, Türkiyə NATO üzvüdür və bu faktor da vəziyyəti daha həssas edir. Türkiyə ərazisinə yönəlmiş raket hücumu NATO-nun kollektiv müdafiə mexanizmlərini gündəmə gətirə bilər. Bu isə məsələnin artıq yalnız iki ölkə arasında gərginlik deyil, daha geniş geosiyasi müstəviyə keçməsi deməkdir.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 15.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






Şərhlər