Çin qorxur - Huban şəhəri yeni Uhana çevrilə bilər...
Tarix: 25-04-2020, 20:17
Baxılıb: 439
Google+ Paylaş
Tumblr Paylaş

Çin qorxur - Huban şəhəri yeni Uhana çevrilə bilər...

25-04-2020, 20:17

İqtisadi fəaliyyətini bərpa edən Çin koronavirusun ikinci dalğasından ehtiyat edir. Koronavirusun ikinci dalğasının Rusiya ilə həmsərhəd olan iki şəhərdə olacağı gözlənilir. Nəzarət tədbirlərinin sərtləşdirilməsinə baxmayaraq, Çin karantinin tətbiqinə ehtiyac görür. 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin iki şəhərində - Suyfınhe və Hubanda virusa yoluxanların sayı artır. Bu şəhərlərə virusu başqa ölkələrdən gətirirlər. Suyfınhe sərhəddə yerləşən şəhərdir və 70 min əhalisi var. Son həftələr ərzində 2 mindən çox çinli ölkəsinə qayıdıb. Onlardan bəzilərində koronavirus tapılıb. Uçuşlar dayandırıldığından Rusiyada yaşayan Çin vətəndaşları ölkələrinə qayıtmaq üçün qatarla Vladivostoka, buradan da Suyfınheyə qədər getməli olublar. Suyfınhedə sərhədi keçən 400 nəfərdə koronavirusa yoluxma halı qeyd olunub.
İkinci şəhər Suyfınhenin 500 kilometrliyində yerləşən Harbindir. Burada 10 milyon adam yaşayır. Bu şəhər Çinin əsas sənayə şəhərlərindən biridir. Koronavirusa görə yaranan böhran boyu bu şəhər heç kimin yadına düşmədi. Lakin indi qəzetlərdə, saytlarda bu şəhərin adı ön yerlərdədir. Belə ki, burada artıq 75 koronavirusa yoluxma halı aşkarlanıb ("El Mundo", İspaniya).
Harbində artıq bir neçə həftədir ki, başqa ölkələrdən gələn çinliləri təcrid edirlər. Qaydalara görə, koronavirus testi müsbət çıxanlar və koronavirus daşıyıcısı olmaqda şübhəli bilinənlər və həmin insanlarla ünsiyyətdə, ətrafında olanların hamısı karantində saxlanılmalıdır. Bununla yanaşı, şəhərə burada yaşamayanların daxil olması qadağan olunub. Şəhərdə sərbəst hərəkət etmək üçün hər kəsin telefonunda onların sağlam olduğunu və yoluxmuş insanlarla ünsiyyətdə olmadığını göstərən yaşıl qeydlə QR kodu olmalıdır.
Koronavirusa yoluxan şəxs aşkarlandıqda yaşadığı bina bütünlüklə bağlanır.
Koronavirusa yoluxma halı qeyd olunan bütün yaşayış icmaları ən azı 14 gün bağlı saxlanılacaq. Bu yerlərə giriş və çıxış qadağan olunacaq. Bu cür tədbirlər yanvarın 23-də Uhan şəhəri bağlandıqda sonra da tətbiq olunub. Pandemiyanın bu episentrində nələrin baş verdiyini yada salsaq, növbəti addım bütün şəhərdə karantin elan etmək olacaq. “Ümid edirik ki, buna ehtiyac qalmaz. Çünki zəncirvari koronavirusa yoluxma bu dəfə nəzarət altındadır” – bu haqda xəstəliklərin qarşısı alınması və nəzarəti üzrə Çin Mərkəzinin epidemioloqu Zenq Quanq bildirib.
Harbinin dörd rayonunda ciddi nəzarət var. Hakimiyyət hətta şəhərə heç kimə xəbər vermədən gələn və təhlükəsizlik tədbirlərini pozanlar haqqında məlumat verən hər kəsə 260 yevro verəcəyini vəd edib.
Harbində yoluxmaların başlanğıc nöqtəsini axtarsaq, martın 9-da ABŞ-dan Han adında tələbənin qayıtması ilə bağlı hadisəni qeyd etmək olar. Qızda xəstəliyin əlamətləri müşahidə olunmurdu. O, 14 gün karantində saxlanıldıqdan sonra normal həyatına qayıtdı, ailə üzvləri ilə ünsiyyət qurdu. Nəticədə anasını və görüşdüyü gənci yoluxdurdu. Harbində koronavirusu yayan şəxslərdən biri də aprelin 2-si xəstəxanaya düşən Çen adlı 87 yaşlı çinlidir. Bundan öncə o, şam yeməyi təşkil edib və şam yeməyində onun övladları, çoxlu dostları olub. Dostlarından ikisində də koronavirus testi müsbət nəticə göstərdi. Çeni karantinə almaqdan öncə onun ünsiyyətdə olduğu bütün şəxslər tapıldı. Onun qohumlarından bir neçə şəxsin yoluxduğu da məlum oldu. Eləcə də, ona baxan tibb bacıları və həkimlərdə də virus tapıldı.
Çin ölkənin şimal-şərqində koronavirusun ikinci dalğasının bütün ölkəni bürüməsindən narahatdır. Lazım olduğu təqdirdə, tərəddüd etmədən Harbini və aid olduğu bütün vilayəti bağlayacaq. Lakin bu zaman şəhərdə olan sənayə işlərini də dayandırmalı olacaqlar.
Onu da qeyd edək ki, ölkə normal həyatına qayıtsa da, Pekində nəzarət tədbirləri aradan qaldırılmayıb. Xəstəliklərin qarşısı alınması və nəzarəti üzrə Çin Mərkəzinin məlumatlarına görə, paytaxtın ən məşhur mərkəzi rayonlarından olan Çaoyan daha çox təhlükəli sayılır. “Aprelin 14-ü bir nəfərin ailəyə virusu gətirərək 3 ailə üzvünü yoluxdurduğu faktı təsdiqlənmişdir. Xəstə ilə əlaqədə olanlar hal-hazırda karantindədirlər. Yoluxmanı yayanın olduğu yerlərin hamısı dezinfeksiya edilmiş və qaldığı evdə bütün yaşayanlardan analizlər götürülmüşdür”.
Bütün qeyd olunan yoluxma hallarına baxmayaraq, Çin bu hadisəyə optimist yanaşır və yenidən virusla mübarizəyə başlayıb.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ