
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı 1002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanmış, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Bunu Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı zamanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnib.
Milli kordinator əlavə edib ki, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı daha 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilib: "Hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 məcburi əmək faktı əsasında 1 cinayət işi başlanılmış və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub”.
Şərhlər