
Xaçmaz rayonu üzrə təhsil sahəsində növbəti mübahisəli iddia gündəmə gəlib.
Redaksiyamıza daxil olan məlumatlara görə, Balaqadaşova Lamiyə Bahadur qızı 15.09.2018-ci il tarixdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayonu Seyidlər kənd ümumi orta ümumtəhsil məktəbində əsas iş yeri kimi fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən o, eyni zamanda Xaçmaz rayonu Hacılar kənd ümumi orta ümumtəhsil məktəbində biologiya müəllimi kimi ikinci iş yeri üzrə çalışıb.
30.04.2021-ci il tarixdə isə əsas iş yerini dəyişərək Xaçmaz rayonu Elnur Səfərov adına Padar kənd ümumi orta ümumtəhsil məktəbində biologiya müəllimi kimi fəaliyyətini davam etdirib.
İddialara görə, 29.09.2025-ci il tarixdə Xaçmaz şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbində vakansiya elan olunmadan Lamiyə Balaqadaşovaya müddətli müqavilə əsasında ikinci iş yeri kimi əlavə dərs saatları verilib. Məlumatda bildirilir ki, bu prosesdə İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun rolu olub.
Məsələ ilə bağlı ortaya çıxan əsas sual isə budur: şəhər məktəblərində müəllim tələbatı olduğu halda niyə vakansiya açıq elan edilməyib? Əgər həqiqətən belə bir qərar verilibsə, bunun hüquqi və inzibati əsasları nədən ibarətdir?
Eyni zamanda qeyd olunur ki, Lamiyə Balaqadaşovanın həyat yoldaşı Elşad Balaqadaşovun redaksiyaya zəng edərək əməkdaşlara qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı fakt da araşdırma predmetidir. Bildirilir ki, məsələ ilə əlaqədar saytın baş redaktoru tərəfindən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət olunaraq məlumat verilib.
Reportyor.az olaraq bildiririk ki, səsləndirilən bütün iddialar araşdırılır və mövzu diqqətimizdədir. Qarşı tərəfin – həm Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, həm də adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq. Rəsmi açıqlama təqdim ediləcəyi təqdirdə, olduğu kimi yayımlanacaq.
Mövzu ilə bağlı araşdırmalar davam edir.






Şərhlər