
“Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi proses olub. Bu səbəbdən belə cinayətlərin araşdırılması və cəzalandırılması əsasən beynəlxalq mexanizmlər, xüsusi yaradılmış tribunal və məhkəmə strukturları vasitəsilə həyata keçirilib”.
Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bunu Bakıda mühakimə olunan separatçılara hökm elan olunmasından sonra başlanan anti-Azərbaycan kampaniyası barədə Musavat.com-a açıqlamasında bildirib.
Milli Məclis üzvünün fikrincə, tarixdə formalaşmış presedentlər göstərir ki, milli məhkəmə sistemləri təkbaşına bu cür cinayətlərin tam araşdırılmasında həmişə yetərli olmayıb:
“Azərbaycan dünyada çox azsaylı ölkələrdəndir ki, bütün siyasi və informasiya təzyiqlərinə baxmayaraq, müharibə cinayətlərində təqsirləndirilən şəxsləri məhkəmə qarşısına çıxarmaqla ədalətin hərbi qələbə, siyasi-diplomatik vasitələrlə yanaşı, hüquqi müstəvidə də təmin olunmalı olduğunu sübuta yetirdi. Bununla Azərbaycan milli hüquq mexanizmlərinə və beynəlxalq təcrübəyə əsaslanaraq, müstəqil və qətiyyətli mövqe nümayiş etdirdi. Belə ki, dövlətimiz sülh, insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsini həyata keçirməklə həm də bəşəriyyəti təmsil etdi. Bu mənada Bakı Hərbi Məhkəməsinin hər iki müvafiq qərarı, Nürnberq, Tokio, Ruanda və keçmiş Yuqoslayiva üzrə tribunalların hökmləri kimi, beynəlxalq səviyyədə hüquq ədəbiyyatlarına daxil ediləcək. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ədalətin təntənəsi olmaqla yanaşı, münaqişə və müharibələrin ədalətli, tam və davamlı həlli üçün nümunəvi modeldir. Dünya təcrübəsi göstərir ki, münaqişələrin natamam həlli və müharibə cinayətkarlarının cəzasız qalması gələcəkdə yeni gərginliklərə və münaqişələrə zəmin yaradır”.
Rizvan Nəbiyevin sözlərinə görə, Sülh Şurasının 19 fevralda Vaşinqtonda baş tutan ilk iclasında təsisedici dövlətin rəhbəri səviyyəsində İlham Əliyevin iştirakı bir daha təsdiqlədi ki, Prezidentin xarici siyasət strategiyası bütün diplomatik və siyasi incəlikləri mükəmməl formada özündə ehtiva edir:
“Dünyanın ən böyük siyasi, iqtisadi, hərbi, və maliyyə gücü olan Birləşmiş Ştatlarla bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində strateji tərəfdaşlığa nail olmaq Prezident İlham Əliyevin diplomatik fəaliyyətləri ilə bağlıdır. Substantiv məsələlərin həlli baxımından prezident Trampın intensiv təmasda olduğu, dünya siyasi liderləri sırasında Azərbaycan Prezidenti ön sıralarda yer alır. Çünki dövlət başçımızın yeni status-kvoya əsaslanan sülh strategiyası və regionun sərhədlərini aşan böyük bir bölgədə əməkdaşlıq modeli regiondakı riskləri böyük həcmdə aradan qaldırıb”.
Deputat digər məsələyə də xüsusi diqqət çəkib:
“Real təhlükə mənbəyi Ermənistanı potensial əməkdaşa çevirmək istiqamətində atılan addımlar təbii ki, dünya siyasi liderləri tərəfindən də təqdir olunur. Bu kontektstdə prezident Aleksandar Vuçiçin paytaxt Belqradda Serbiya mətbuatı qarşısında verdiyi dəyər bunu təsdiqləyir. “Bu gün Prezident İlham Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim”.
Təbii ki, qalib Azərbaycanın bu uğurları regionda bəzi qüvvələri narahat edir. Cavab olaraq ölkəmizə və siyasi rəhbərliyə qarşı müxtəlif formalı çirkin kampaniyalar intensivləşdirilib. Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, mövqelərini, təşəbbüskarı olduğu layihələri sarsıtmağa hesablanmış bu qarayaxma kampaniyası bundan əvvəlkilər kimi tam iflasa uğrayacaq. Ölkəmizdə xalq–rəhbər birliyi uğurumuzu təmin edir və eyni məqsədləri hədəfləyir”.
E.Paşasoy,






Şərhlər