
ABŞ ilə İran arasında gərginlik aparılan danışıqlara rəğmən, azalmır. “Fox News”un yaydığı məlumata görə, Vaşinqton artıq Tehrana ultimatum da verib: ya nüvə proqramı dayandırmalıdır, ya da İran “başqa variantlarla” üzləşəcək.
Qeyd olunur ki, son Cenevrə danışıqları uğursuz olub. İsrail isə İranla razılaşmanı, ümumiyyətlə, qeyri-mümkün hesab edib.
Bu arada İrana bağlı mənbə “The Wall Street Journal”a bildirib ki, Tehran ABŞ ilə danışıqların uğursuz olacağından qorxur. “Vaşinqtonun qəbul etməyə hazır olduğu ilə Tehranın qəbul etməyə hazır olduğu arasındakı fərq aradan qaldırıla bilməz”, - mənbə vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) isə bildirilib ki, İran təxminən 440 kiloqram 60%-ə qədər zənginləşdirilmiş urana malik ola bilər. Təşkilatın BMT Baş katibi vəzifəsinə namizəd olan direktoru Rafael Qrossi bunu "Foreign Policy" jurnalına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bu miqdardan əlavə, ölkədə daha çox miqdarda 20% və 5% səviyyələrində zənginləşdirilmiş uran var. Bu, nüvə materiallarının əhəmiyyətli ehtiyatının olduğunu göstərir. Qrossi həmçinin bildirib ki, MAQATE müfəttişlərinin hazırda İranın nüvə obyektlərinə giriş imkanı yoxdur. Buna görə də, o, materialların yönləndirilməməsi və ya gizlədilməməsi üçün nəzarətin bərpa edilməsinin və yoxlamaların aparılmasının vacibliyini vurğulayıb.
Təşkilatın qiymətləndirməsinə əsasən nüvə silahı yaratmaq üçün uran 90%-ə qədər zənginləşdirilməlidir. Amma nəzəri olaraq, təxminən 42 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uran bir nüvə başlığı yaratmağa kifayət edə bilər. Yəni molla rejimi 10 nüvə başlığı hazırlamaq potensialındadır... Sadalananlara rəğmən, tərəflər arasında mövqelərin uzlaşmağa doğru getdiyi müşahidə olunmur.
Və ən mühümü: Amerika administrasiyasındakı mənbələr CBS News-a bildiriblər ki, ABŞ ordusu 21 fevral şənbə günü İrana zərbə endirməyə hazırdır.
“Prezident Donald Tramp hələlik yekun qərar verməyib, lakin Ağ Ev eskalasiya riskləri və təmkinliliyin nəticələri də daxil olmaqla, mümkün əməliyyatla bağlı dinamik və davamlı müzakirələr aparır”, - xəbərdə vurğulanır.
Bəzi analitiklərə görə, İran üçün “sendviç planı” hazırlanır. Yəni ölkənin daxildə “qaynaması” ilə xaricdən hərbi müdaxilə sinxronluq təşkil edəcək. Təhlilçilərin fikrincə, ABŞ rejim üçün iki tərəfdən sıxışdırma planı hazırlayır və buna “sendviç ssenarisi” deyilir...
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin Musavat.com-a dediyinə görə, tərəflərin əsas məqamlar üzrə heç vaxt razılaşmayacağı açıq görünür. Onun fikrincə, İran hətta söz versə belə, buna əməl edib-etməyəcəyi ABŞ üçün sual altındadır. “Yəni tərəflər arasında qarşılıqlı etimad problemi ortada var ikən problem sonlanmayacaq. O səbəbdən, İranın ABŞ və İsraillə münasibətlərinin normallaşması üçün rejim dəyişikliyinin vacibliyini deyənlərin sayı artır. Bunun üçün isə hərbi müdaxilə lazımdır”,_ deyə E.Mustafayev belə şərh edib.
AMİP funksionerinin sözlərinə görə, Tehranın nüvə silahı əldə etmək üçün əlində zənginləşdirilmiş uranın olduğunu deməsi hərbi müdaxilə üçün əsas səbəblərdən biri kimi qiymətləndirilir:
“Eyni zamanda, hərbi müdaxiləni legitimləşdirən səbəblərdən biri də əhalinin hakimiyyət əleyhinə kütləvi etirazlara qalxmasıdır. Hazırda ABŞ Fars körfəzinə xeyli sayda hərbi texnika, qırıcı təyyarə və əsgər toplayıb. Həmçinin regiondakı hərbi bazalarını da hazırlıq vəziyyətinə gətirib. Düşünürəm ki, bu vəziyyət uzun çəkə bilməz. ABŞ hərbi kontingentinin bölgəyə gətirilməsi və gözləmə mövqeyində qalması Vaşinqton üçün hər gün on milyonlarla dollara başa gəlir. Bu, məsələnin maddi tərəfidir. Əsas isə siyasi tərəfidir. Hərbi kontingentinin aylarla bölgədə qalıb bir iş görməməyi, yaxud onların geri qayıtmağı ABŞ-ın dövlət kimi nüfuzuna böyük ziyan gətirəcək. Ona görə də qısa müddət ərzində ABŞ ya İranı verdiyi tələblərə əməl etməyə razı salmalıdır, ya da ölkədə inqilabi hərəkatın başlanması ilə paralel hərbi əməliyyatlara start verməlidir”.
Cavanşir ABBASLI






Şərhlər