Günah elə özümüzdədir. Biri hansısa ssenaristin qələmindən çıxan iki-üç baməzə sözü əzbərləyib deyən kimi edirik başımızın tacı. Ömrü boyu bircə dəfə də nəsə bizim xeyrimizə cümlə dedisə, heç nə... Olur gözümüzün işığı. Ümumiyyətlə, biz özümüzə çox tez qəhrəman düzəldə bilən millətik. İşıq sürətilə, bircə cümləsini eşitməklə xalq qəhrəmanı etdiklərimiz olur. Biri canlı yayına çıxıb, “əəə, bu xalqdan nə istəyirsiz? Niyə bu ölkənin nemətlərindən ona pay vermirsiz?” cümləsini işlətsin, dərhal olur xalqın xilaskarı. Bir Allahın bəndəsi də soruşmur ki, həmin cümlələri deyənə, o ekranın qabağına çıxana qədər bunun imici nə idi, hansı yollardan keçib buralara çıxıb? Bəlkə reket idi, bəlkə dələduzun yekəsi, ya da o tənqid etdiyi rüşvətxorların daha kiçik masştablısı?
Səfirliklərdə xımır-xımır dollarla maaş alan, bu xalqa da milyon kilometrlərlə uzaq olan, hər zaman onun dərdlərini aşağılayan, özü də ingilis dilinin amerikan ləhcəsində düşünən adam gəlib birdən barmaq silkələyir okeanın o tayından, məsələn. Toplumumuz o mənada balıq hafizəliliyi ilə öyünə bilər. Üstəlik, bizdə “dünənkinə görə çox sağ ol, bu günkünə görə cavab ver” aksioması işləmir. “Dünənkini unutduq, bu günkünə görə halaldır” məntiqi ilə gedir işlərimiz...
İndi aktrisa Afaq Bəşirqızı yenə kasıbı ağ yuyub qara sərib. Kasıbların kənddən gəlib, zirzəmidə uşaq doğmalarından, xəstə uşaqla efirə çıxıb pul istəmələrindən tutmuş...yardım məsələsinə qədər, hər şeyə toxunub. Deyib, kənddən niyə gəlirdilər? Orda işləyib pul qazanmaq yerinə gəlib, Bakı tikintilərində, zirzəmilərdə ailə qurur, xəstə uşaq dünyaya gətirirlər, dilənçilik edirlər. İnsanların yardıma möhtac və həssas bir dönəmində bu sözlərə nə ehtyac vardı, demirəm. Çünki bu ölkədə özünü hökumətin qabağında sipər edənləri hər zaman bu gözlər görüb. Xüsusən də hökumətdən yardım, pul, kompensasiya gözlənilən vaxt qəfil biri sinəsini qabağa verib deyir ki, gedin işləyin də, hökumət sizin qabağınızda durub? Bir başqası səsinin ən laqeyd tonu ilə qayıdır ki, işdən sonra fəhləlik edin, ya da bazarda soğan əkin. Elə bu sözləri dediklərinə görə də növbəti dəfə hökumətin gülməşəkərləri olurlar. İndi düşünək ki, Afaq xanımın da ürəyindən vəzifə keçir, kreslo keçir, ona görə özünü Berlin səddi kimi hökumətlə xalq arasında saxlayıb.
Amma və lakin... Bu ölkənin rayonlarında işsizlik baş alıb gedirsə, insanların paytaxta köç etməsi çox normaldı. Torpaq yox, kənd təsərrüfatı ağlar gündə, iş yerləri yox, çörək da təbii ki, aslanın ağzında. Rayon əhalisinin yarıdan çoxu niyə qapısına kilid vurub qonşu ölkələrə alverə gedib? Ora gedə bilməyən də Bakıya gəlir ki, heç olmasa gündə 15-20 manat qazanıb, acından ölməsin. Aktrisa özündən misal gətirir ki, bəs mən indi bağda qalıram, orda əkin-biçinlə məşğulam. Məlum məsələdi ki, xanım bağın bir tərəfində göy-göyərti əkir ekzotika üçün, bir neçə də meyvə ağacı, əncir ağacı-filan var. Mövsümdən-mövsümə o meyvədən bir vedrə yığır, ya yox. O bir vedrə ilə ömürmü keçər, Afaq xanım? 2 dəstə keşniş, 3 dəstə vəzəri ilə qarın doysaydı, nə vardı ki? Siz o göyərtini bazara aparıb satsaz neçə gün dolanarsız? Bir neçə vedrə meyvədən əldə etdiyiniz gəlirlə hansı qayğınız həll olunar?
Bu ölkədə insanlar ac qalmamaq üçün, acından ölməmək üçün mübarizə aparır. Bu gün xeyriyyəçi insanlar marketlərdən torba-torba ərzaq yardımını niyə edirlər, kimə aparırlar, bunu bilirsizmi? Az öncə marketə girdim: bazarlıq edənlərdən daha çox yardım torbaları hazırlayanlar vardı ətrafda. İnsanlar xeyriyyəçilərin telefonlarına gün ərzində yalvarış dolu səs mesajlar yollayırlar: bizi də unutmayın, yardım edəndə bizim də adımızı siyahıya salın deyə. O yardımları istəyənlərin hamısı kənddə evlərini qoyub gələnlərdir bəyəm? Müalicə üçün paytaxta qaçanlar, dolanışıq üçün paytaxta qaçanlar... bütün bunlar yurdumuzun mənzərəsidir.
İndiki situasiyada ən asanı xalqı suçlamaqdı. Camaat işləmir, işləmək istəmir, tənbəldi, istismar etməyə meyllidir... kimi nağılları söyləyənlər bununla nəinki sevdikləri iqtidarı qoruyurlar, əksinə ona qıcıq yaradırlar. Halbuki baxırsan ki, bu ölkənin hakimiyyəti, xüsusən də birinci şəxsi problemləri həll etməkdə maraqlıdır, israrlıdır, hər gün bir-birindən fərqli qərarlar verib, müvafiq addımlar atır. Bu gün səsləndirilən tənqid sabah tənqid olmaqdan çıxır, həll olunur. Şəxsi canlı yayın verilişləri təcrübəmdən görürəm bunu: bir həftə əvvəl qüsur kimi səsləndirdiyimiz detallar bu gün artıq yoxdur, həllini tapıb. O zaman nədir bu məmurların Roma papasından artıq katolik olma istəyi? Nədir bu Afaq Bəşirqızı kimi aktrisaların “atam-anam saa qurban, saa gələn maa gəlsin” tipli Söylü ədaları? Gərək yoxdu bunlara, xanımlar və cənablar. Bu günlər də keçəcək, insanlarımızı elə öz yurdumuzun gözəl ürəkli insanları sıxıntı çəkməyə, acından ölməyə qoymayacaq, biz bu dönəmi bir neçə ay sonra bir xatirə, macəra kimi danışıb, bəlkə də güləcəyik. Tarixdə və arxivdə isə sizin kasıbları dilənçi adlandırmanız qalacaq, rayon-paytaxt camaatı bölgüləriniz o nifrəti böyüdəcək.
Müsahibədən sonrakı təkzib açıqlamasında Afaq xanım yenə jurnalisti ittiham edib ki, onun dediklərini təhrif edib, məhkəməyə müraciət edəcək və sair. Müsahibəni istedadlı həmkarım, illərin qələm ustası Şahnaz Bəylərqızı götürüb. Səs yazısını da müsahibəyə əlavə edib: nə bir cümlə artıq, nə bir cümlə əskik. Nə demisizsə, odur. Təhrif yox, konteksdən çıxarılma isə yox. Jurnalistlər sizin günah keçiniz deyil. Bizim də vəzifəmiz heç kimsəni biabır etmək, nifrət hədəfinə çevirmək ola bilməz. İnsanlar öncə özləri özlərini biabır edirlər, sonra isə onu biz yazırıq. Siz Söylü kimi ağ köynəyi çirkli suyun içinə salıb, qara çıxaranda “Ekologiya budu?” deyə təəccüblənməyin. Bu “ekologiya” sizin sayənizdə ağlar gündədir...Sevinc TELMANQIZI