
Xətainin 9 nömrəli uşaq Səhiyyə sistemi cəmiyyətin ən həssas sahələrindən biridir. Bu sistemdə çalışan hər bir tibb işçisi qanunvericiliyin və peşə etikasının tələblərinə uyğun fəaliyyət göstərməlidir. Əks halda, vətəndaşların sağlamlığı ilə yanaşı, dövlətin sosial təminat mexanizmlərinə də ciddi zərər dəyə bilər.
Gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Xətai rayonu 9 nömrəli uşaq poliklinikasının fəaliyyəti ilə bağlı narahatedici iddialar yer alıb. Müraciətdə poliklinikanın baş həkimi Hacıyeva Zərifə və sahə həkimi Bəşirova Mahirənin fəaliyyətinə dair araşdırılmalı olduğu bildirilən çoxsaylı iddialar irəli sürülür.
Müraciət müəllifinin iddiasına görə, Nəsrəddin Tusi küçəsi 14, mənzil 29 ünvanında yaşayan Tağızadə Şamildən həyat yoldaşının analıq məzuniyyətinin qanunsuz qaydada uzadılması məqsədilə 1000 manat alınıb. İddia olunur ki, 18 fevral 2023-cü il təvəllüdlü Tağızadə İnci Şamil qızı sağlam olduğu halda xəstə kimi sənədləşdirilib və bu əsasla analıq məzuniyyəti uzadılıb. Müraciətdə uşağın atasının hərbi pilot olduğu və hazırda Türkiyədə yaşadığı da qeyd edilir.
Şikayətdə daha bir ciddi iddia ondan ibarətdir ki, müxtəlif tibbi arayışlar – o cümlədən 026, 086 və 095 nömrəli tibbi formalar qanunsuz ödəniş müqabilində rəsmiləşdirilir. Müraciət müəllifi bildirir ki, xüsusilə buraxılış sinif şagirdlərinə xəstə olmadıqları halda xəstəlik arayışlarının verilməsi üçün həftəlik 50–100 manat məbləğində pul tələb olunur.
Müraciətdə həmçinin iddia edilir ki, poliklinikada çalışan işçilərdən hər ay 30–50 manat məcburi şəkildə pul yığılır, bayramlar ərəfəsində isə əlavə vəsait tələb edilir. Xüsusilə mart ayında işçilərdən bir neçə dəfə pul toplandığı bildirilir.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə etik pozuntulardan deyil, həm də dövlətin sosial ödəniş sisteminə zərər vurulması, saxta tibbi sənədlərin hazırlanması, korrupsiya və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə kimi hüquqi qiymət tələb edən hallardan gedə bilər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, o cümlədən müvafiq səhiyyə və hüquq-mühafizə orqanlarının göstərilən iddiaları hərtərəfli araşdırması, sənədlərin həqiqiliyini yoxlaması və qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görməsi ictimai maraq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar redaksiyaya təqdim olunmuş müraciətdə irəli sürülən iddialara əsaslanır. Adları çəkilən şəxslərin mövqeyi məlum deyil. Onların cavab və izah vermək hüququ qorunur və təqdim ediləcəyi təqdirdə dərc oluna bilər.
Gundemxeber.com






Şərhlər