Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı səsləndirdiyi təkliflə bağlı Ermənistan tərəfinin mövqeyi bəllidir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NTV-yə müsahibəsində deyib.
“Azərbaycan tərəfinin səsləndirdiyi bəzi fikirlərə, xüsusən də ATƏT-in Minsk qrupu mövzusuna gəlincə, qeyd etmək istərdim ki, bununla bağlı bizim mövqeyimiz aydındır. Münaqişənin bitdiyi və bu faktın sülh müqaviləsi ilə təsdiqləndiyini etiraf etsək, o zaman nə Minsk Qrupunun, nə də ona tabe olan strukturların artıq faydası var. Məhz bu məntiqə əsaslanırıq ki, biz eyni gündə iki sənəd imzalanmasını təklif etdik. Sülh müqaviləsi, o cümlədən ATƏT və ya onun üzvü olan dövlətlərdə Minsk Qrupunun buraxılması prosesinə başlayacaq birgə bəyanat imzalayaq”, - Mirzoyan qeyd edib.
Mirzoyan müsahibəsində sülh sazişində nəzərdə tutulan müddəalarla bağlı razılaşmanın əldə edilməsini görünməmiş tarixi hadisə adlandırıb.
Onun sözlərinə görə, sülh sənədində tərəflər mövcud sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. “Tərəflər bir-birlərinin daxili işlərinə qarışmamaq barədə razılığa gəliblər və bir sıra digər mühüm müddəalar üzrə də razılığa gəliblər. Bundan əlavə, sözügedən sənəd ratifikasiya olunduqdan və qüvvəyə mindikdən sonra sazişin icrasına nəzarət edəcək və yerlərdə yarana biləcək anlaşılmazlıqların və ya konkret vəziyyətlərin həlli üçün platforma rolunu oynayacaq ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulur. Bütün bunlar həqiqətən tarixi hadisədir. Hesab edirik ki, müqavilənin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün indi dərhal məsləhətləşmələrə başlamaq mümkündür”, - o qeyd edib.