
"Trampın qərarında əsas məsələ odur ki, hansı ölkə İranla ticarət və iqtisadi əlaqə qurursa, onun ABŞ ilə olan ticarətinə 25 faiz əlavə rüsum qoyulacaq. Bu, bilavasitə ABŞ-nin İrana iqtisadi təzyiqinin ən yeni elementidir".
Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, dünya mətbuatı vəziyyəti fərqli izah etməyə çalışır:
"Ortada faktiki sənəd yoxdur. Prosesin detalları hələ ki, aydın deyil. Söhbət hansı ölkələrdən, hansı mallardan, hansı şərtlərdən gedir? Qərarın dərhal icra ediləcəyi bildirilsə də, bu, daha çox hədə xarakterli açıqlamadır. Təbii ki, prosesin ardı gələ bilər. ABŞ-nin özündə də bu məsələ ilə bağlı narahatlıq var. Çünki tarix açıqlanıb, amma qanuni əsas mövcud deyil. Rəsmi Vaşinqton qərarın necə icra olunacağına dair detallı açıqlama verməyib. ABŞ-də Ali Məhkəmənin Trampın tarif siyasətini yoxladığı bildirilir, müzakirələr aparılır. Çin bununla bağlı rəsmi etiraz bildirib ki, bu, artıq ticarət müharibəsi deməkdir.
Belə bir vəziyyətdə prosesin Azərbaycana təsirlərini şərh etmək çətindir. Görünən odur ki, hazırkı vəziyyətdə qərar Azərbaycanı əhatə etməyəcək. Dünyanın bütün ölkələrinin bu və ya digər formada İranla ticarət əlaqələri var. Bütün ölkələrə 25 faizlik rüsum tətbiq etmək mümkün deyil. Bu, ABŞ-nin özünə böyük zərbə vura bilər. Bu baxımdan Azərbaycan üçün hər hansı təhdidin olduğunu düşünmürəm".






Şərhlər