Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Bakının şərtləri Davosdan açıqlandı
Bakının şərtləri Davosdan açıqlandı

Azərbaycan hesabat verən tərəf yox, bərabərhüquqlu tərəfdir

“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.

“Biz artıq buna reaksiya vermirik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmizə qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbi qruplarının, müəyyən qüvvələrin fəaliyyətinin nəticəsidir.

Prezident İlham Əliyev deyib: “Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".

Yada salaq ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu çərçivədə insan hüquqları, hüququn aliliyi və demokratik institutlarla bağlı öhdəliklər daşıyır. Lakin seçkilər, söz və toplaşma azadlığı, siyasi məhbuslar mövzusu ətrafında irəli sürülən iradlar tərəflər arasında mütəmadi olaraq gərginlik yaradıb. 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməməsi münasibətlərdə ciddi böhran kimi qiymətləndirilib. Rəsmi Bakı bu qərarı qərəzli və ikili standartlara əsaslanan siyasi addım adlandırıb.

Azərbaycan Avropa İttifaqına üzv olmasa da, tərəflər arasında 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur. Yeni saziş üzrə danışıqlar uzun müddətdir davam etsə də, hələlik yekun nəticə əldə olunmayıb. Avropa Parlamenti Qarabağ müharibəsindən sonra qəbul etdiyi bir sıra qətnamələrdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.

Prezidentin bu açıqlaması bir daha onu göstərir ki, adıçəkilən təşkilatlar Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirdikcə Azərbaycanın iradəsinə təsir göstərə bilməzlər. Nə qədər ki, ədalətli mövqedə deyillər, Azərbaycan da indiyə qədərki mövqeyini davam etdirəcək.

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin bu açıqlaması faktiki olaraq Azərbaycanın yürütdüyü prinsipial və suveren xarici siyasət xəttinin növbəti siyasi təsdiqidir. Bu mövqe bir neçə mühüm məqamı açıq şəkildə ortaya qoyur: “Azərbaycana qarşı qərəz davam etdikcə Azərbaycana təsir imkanları sıfırlanır. Prezidentin vurğuladığı kimi, Avropa Parlamenti və AŞ PA ilə əməkdaşlığın dayandırılması göstərir ki, bu qurumlar Azərbaycana qarşı ikili standartlardan çıxış etdikləri, siyasi sifarişlər əsasında qərar qəbul etdikləri, obyektiv vasitəçi və tərəfdaş rolunu itirdikləri müddətdə Bakının siyasi iradəsinə təsir göstərmək imkanlarını tam itiriblər. Bu, əslində açıq mesajdır ki, qərəzli platformalar Azərbaycanın qərar qəbuletmə prosesinə təsir edə bilməz. Prezident "Avropa ilə əlaqələri kəsmişik" demir. Əksinə, Avropa Komissiyası ilə əməkdaşlıq davam edir, enerji, nəqliyyat, yaşıl keçid kimi sahələrdə dialoq saxlanılır. Bu isə göstərir ki, Azərbaycan institusional Avropanı deyil, siyasi alətə çevrilmiş qurumları rədd edir. Yəni Bakı qapıları bağlamır, sadəcə, şərt qoyur: ədalət və qarşılıqlı hörmət. Bu, müstəqil siyasət yürüdən dövlətin mövqeyidir. Bu siyasət emosional reaksiya deyil. Müvəqqəti taktiki addım da deyil".

Deputat qeyd etdi ki, Azərbaycan özünü hesabat verən tərəf yox, bərabərhüquqlu tərəf kimi görür. Bu baxımdan, Avropa Parlamenti və AŞ PA indiki xətti davam etdirdikcə, Azərbaycanın mövqeyində yumşalma gözlənilmir və əməkdaşlığın bərpası gündəmə gəlməyəcək: “Reallıq dəyişib, təzyiq dili Azərbaycana işləmir. Bu səbəbdən də cənab Prezidentin açıqlaması bir növ "reallıqla barışın" çağırışıdır. Adıçəkilən qurumlar qərəzli mövqedə qaldıqca Azərbaycanın iradəsinə təsir göstərə bilməzlər, ədalətli və balanslı mövqeyə keçmədikləri müddətdə Azərbaycan indiyə qədərki prinsipial xəttini davam etdirəcək, münasibətlərin normallaşması üçün top artıq Bakının yox, həmin qurumların meydanındadır".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti