Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » İrəvandan Bakıya maraqlı SİQNAL – Referendum önə keçirilir?
İrəvandan Bakıya maraqlı SİQNAL – Referendum önə keçirilir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan AŞ PA-da son çıxışı zamanı Azərbaycanla sülhün real olduğunu söyləyib.

Nazir İrəvanın Cənubi Qafqazda sabitliyin təmin olunması üçün şüurlu seçim etdiyini, bu istiqamətdə ardıcıl addımlar atıldığını vurğulayıb. XİN başçısı xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitində tərəflər birgə bəyannamə imzalayıb, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh sazişi paraflanıb. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar sülh prosesinin praktik mərhələyə keçdiyini göstərir.

Mirzəyan həmçinin bildirib ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiya edilməsi tamamilə mümkündür. O, Ermənistanın regionda uzunmüddətli təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu, dialoqun davam etdiriləcəyini qeyd edib.

Ermənistan XİN başçısı “yaxın aylar” deməklə nəyə işarə edir? Bəllidir ki, qonşu ölkədə növbəti parlament seçkiləri iyun ayına nəzərdə tutulub. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün əsas şərti də çoxdan məlum. O zaman yenə sual yaranır: konstitusiya referendumu seçkilərdən önə keçirilə, yaxud seçkilər ertələnə bilərmi?

Professor Elxan Mirzəyev Musavat.com-a referendumun erkən keçirilməsini gözləmədiyini açıqlayıb. Onun qənaətinə görə, aylar sonra dedikdə seçkilərin ardınca konstitusiya dəyişikliyinə gedilməsi nəzərdə tutulur: "Ermənistanın ədliyyə naziri mart ayında yeni konstitusiya mətninin hazır olacağını açıqlayıb. Deməli, yeni mətndə ərazi iddiaları yer almayacaq. Bundan sonra onun qəbul edilməsi qalır. O da ən gec iyundan sonra mümkündür. Ona görə payızda, maksimum ilin sonunda yekun sülh sazişi imzalana bilər. Məncə, sülh mətninin tezliklə ratifikasiya olunması istisna deyil. Çünki burada mübahisəli nüans qalmayıb və tərəflər hər şeyi razılaşdırıb. Mirzəyan da paraflanmış sülh mətnini yəqin ki, nəzərdə tutub. Ona görə də ratifikasiya uzaqda deyil. Ancaq referendum parlament seçkilərindən sonra keçiriləcək".

Professor hesab edir ki, regionda həssas dönəmdir, bununla belə, dayanıqlı sülhü təmin etmək üçün Ermənistan fürsəti əldən verməməlidir:

"Rusiya və İran sülh tərəfdarı olduqlarını bəyan etsələr də, 8 avqust razılaşması onları qane etmir. Hər iki ölkə istəyir ki, bölgədə Qərbin iştirakı olmasın. Azərbaycan və Ermənistan isə ABŞ-da razılaşmağı üstün tutdu. Ona görə bu proses məntiqi finala çatmalıdır ki, Moskva və Tehran əngəl olmasın. Bunun da yolu referendumdan keçir. Avropa İttifaqı da artıq Naxçıvan dəmir yolunun bərpasına kömək etmək niyyətindədir, Trampın adını daşıyan Zəngəzur yolunun açılması isə realdır, beləliklə, Qərb Cənubi Qafqazda bu prosesləri dəstəkləyirsə, İrəvan şansı dəyərləndirməlidir. Nə qədər ki Rusiya və İranın başı özünə qarışıb, biz hədəflərimizə çatmalıyıq. Erməni xalqı da başa düşməlidir ki, dinc yanaşı yaşamağın alternativi yoxdur".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti