
Kremlə yaxın politoloqlar: "Ukraynadan dərs almadılar, Rusiya Cənubi Qafqaza qayıdana qədər heç kim xoşbəxt olmayacaq"
“Qafqazda hamı Kissincerin dərsini öyrənməyib: "Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür’"
Musavat.com xəbər verir ki, Rusiyanın "Svobodnaya pressa" saytının ABŞ vitse-prezidenti Di Vensin İrəvana və Bakıya səfəri haqda dərc etdiyi yazıda belə deyilir.
Məqalədə hər iki ölkəyə açıq təhdidlər var. İddia olunur ki, Vensin səfəri Kremlə “dost kimi görünən, amma onun gəmilərini saxlayan” ABŞ-nin növbəti anti-Rusiya addımıdır.
Rusiya Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovinin sözlərinə görə, Cənubi Qafqaz ölkələri ABŞ-yə yaxınlaşmaqla “könüllü olaraq özlərini qeyri-sabitlik zonasına yerləşdirirlər.”
Korovin açıq təhdiddən də çəkinməyib: “Rusiya üçün əsas problem nəyin bahasına olursa olsun Qafqazın geri qayıtmasıdır və bu baş verəcək. Rusiya ora qayıdana qədər heç kim xoşbəxt olmayacaq”.
Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Tədqiqatları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin isə deyib ki, Vensin səfəri zamanı İrəvan və Bakı ilə hərbi əməkdaşlıq məsələləri bağlı qapılar arxasında kifayət qədər ciddi müzakirə olunub. O, ABŞ və ya NATO hərbi bazalarının bu ölkələrdə yerləşdirilməsinin müzakirə olunduğunu mümkün hesab edib.
O, ABŞ-nin Qafqazda fəallaşmasından İran və Türkiyənin də məmnun olmadığını deyib: “Bu, əlbəttə ki, İrana qarşı addımdır. Üstəlik, bu siyasət NATO üzvü olan inadkar Türkiyəni cəzalandırmaq cəhdidir. Təsir zonaları uğrunda aşkar mübarizə gedir. Qlobal siyasətdə dostlar yoxdur, yalnız rəqiblər var”.
Konstantin Bloxin də təhdid dilində danışıb: “Müəyyən psixoloji dövr hələ keçməyib. Hələlik ABŞ-dən yalnız gözləntilər var və reallığın nə vaxt ortaya çıxacağı bəlli deyil. Ukrayna təcrübəsi heç kimə heç nə öyrətməyib. Henri Kissincerin dediyi kimi, ‘Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür’”.
Amerika üzrə mütəxəssis Malek Dudakov “Vfokus-mail”ə bildirib ki, ABŞ uzun müddətdir ki, regiondakı fəaliyyətini gücləndirməyə çalışır. Dudakovun sözlərinə görə, Vensin səfərində imzalanan müqavilələr Rusiya və Çinin Cənubi Qafqazdakı təsirini sarsıtmaq cəhdidir. Bununla belə, o, ABŞ-nin regiondan uzaqda olduğunu və orada heç nə təmin edə bilməyəcəyini, buna imkanının olmadığını vurğulayıb.
“Cənubi Qafqaz ABŞ üçün İran kontekstində də vacibdir, çünki bu, Tehranın təsirinə qarşı mübarizənin başqa bir yoludur. Rusiya, ABŞ-dən fərqli olaraq, həmişə regionda olacaq və bu problemlər onu həmişə narahat edəcək. Lakin amerikalılar bu gün gəldilər, böyük bir səs-küy saldılar və sabah bu ölkələri öz problemləri ilə məşğul olmağa qoyub getdilər. Başqa sözlə, bu yanaşma o qədər də təsirli deyil. Ona görə də, açığı, bu səfərin əhəmiyyətini şişirtməzdim”, – deyə bildirib.
Son günlər bu səfər ətrafında olan yazılarda əsas diqqət çəkən məqam Rusiya ekspertlərinin ritorikasında açıq şəkildə təzyiq və psixoloji təsir elementlərinin hiss olunmasıdır.
Bu tip açıqlamalar adətən informasiya müharibəsinin tərkib hissəsi kimi istifadə olunur və məqsəd region ölkələrinin xarici siyasət seçimlərinə təsir göstərməkdir. Xüsusilə “Qafqazın geri qayıtması” kimi ifadələr postsovet məkanını hələ də təsir zonası kimi görən geosiyasi düşüncə tərzinin qalmaqda davam etdiyini göstərir.Digər tərəfdən, ABŞ rəsmisinin səfərinin hərbi bazalar və ya strateji bloklaşma kimi təqdim olunması daha çox ehtimal və fərziyyələrə əsaslanır, konkret faktlara deyil. Bu isə informasiyanın analitikdən çox siyasi mövqe xarakteri daşıdığını göstərir. Belə materiallar adətən daxili auditoriyaya yönəlir və xarici siyasət rəqiblərini riskli tərəfdaş kimi təqdim etməyə hesablanır. Ümumilikdə isə Rusiya mediasının mövqeyi regionda gedən böyük güclər rəqabətinin informasiya müstəvisində də davam etdiyini təsdiqləyir. Cənubi Qafqaz ölkələri üçün əsas məsələ isə bu rəqabətdə emosional reaksiyalar deyil, balanslı və praqmatik siyasət yürütməkdir.
Musavat.com






Şərhlər