Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Nə oldu, Gültəkin – həbs olunacaqdın?
Nə oldu, Gültəkin – həbs olunacaqdın?

Türkiyədə müvəqqəti saxlanma məntəqəsində olduğu müddətdə Azərbaycana gətiriləcəyi təqdirdə həbs olunacağını iddia edən Gültəkin Hacıbəyli nəhayət üç aya yaxın davam edən prosedurlardan sonra Bakıya gətirilib.

Reportyor.tv bildirir ki, lakin gözlənilən ssenari baş verməyib – o, ölkəyə daxil olduqdan sonra azadlığa buraxılıb.

Məlumata görə, Gültəkin Hacıbəyli bir müddət Türkiyədə, İstanbulun Çatalca rayonunda yerləşən müvəqqəti saxlanma məntəqəsində olub. Bu müddət ərzində o, sosial şəbəkələr və media vasitəsilə açıqlamalar yayaraq Azərbaycana gətiriləcəyi halda həbs ediləcəyini iddia edib, özünü siyasi təqibə məruz qalan şəxs kimi təqdim edib və Türkiyə rəsmilərinə müraciətlər ünvanlayıb. O, xüsusilə Türkiyə prezidenti Ərdoğana, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslərə emosional çağırışlar etdiyini bildirib.

Musavat.com-un əldə etdiyi məlumata görə isə məsələ tamamilə fərqli olub. Bildirilir ki, Gültəkin Hacıbəyli ölkədə aparılan cinayət işi çərçivəsində – şərti olaraq “Ramiz Mehdiyev işi” adlandırılan araşdırma ilə bağlı – istintaqa ifadə vermək üçün qanuna uyğun qaydada dəvət edilib. O, həmin vaxt ölkə xaricində olduğu üçün çağırışa qatılmayıb. Daha sonra isə ictimai açıqlamalar verərək guya həbs ediləcəyini iddia edib.

Rəsmi prosedur çərçivəsində Azərbaycan tərəfi Türkiyəyə hüquqi sorğu göndərib. İki ölkə arasında mövcud olan hüquqi əməkdaşlıq mexanizmlərinə uyğun olaraq Türkiyə tərəfi müvafiq prosedurlara başlayıb və nəticədə Hacıbəyli Azərbaycana təhvil verilib. Bu proses beynəlxalq hüquqi yardım qaydalarına uyğun şəkildə həyata keçirilib.

Bakıda hava limanında qarşılanan Gültəkin Hacıbəyli dərhal həbs edilməyib. Məlumata görə, o, istintaq orqanlarına ifadə vermək üçün dəvət olunub və qanunvericiliyin tələblərinə uyğun şəkildə prosedurdan keçib. Həbs-qətimkan tədbiri seçilməyib və o, sərbəst buraxılıb.

Beləliklə, üç ay ərzində “Azərbaycana gətirilsə, həbs ediləcək” iddiaları öz təsdiqini tapmayıb. Görünən budur ki, dövlətin məqsədi hər hansı siyasi motivli addım deyil, konkret cinayət işi üzrə istintaqın tam və obyektiv aparılmasıdır.

Hazırda istintaq tədbirləri davam edir. Gültəkin Hacıbəylinin verdiyi ifadənin araşdırmanın gedişinə hansı təsiri göstərəcəyi isə qarşıdakı mərhələdə məlum olacaq.

Musavat.com

Şərhlər