
Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin daxil olduğu şəbəkə xarici xüsusi xidmət orqanlarının diqtəsinə uyğun olaraq Azərbaycanda dövlət çevrilişi həyata keçirmək planını gerçəkləşdirmək istəyib. Ramiz Mehdiyev Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirib, ona rəhbərlik edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin dünən yaydığı istintaq məlumat bu şəbəkənin ifşa olunduğunu rəsmi təsdiq etmiş oldu. Bəs xaricdən idarə olunan xəyanətkar şəbəkənin qarşılarına qoyduqları məqsəd- dövlət çevrilişinin baş tutması variantı Azərbaycanı hansı fəlakətlərlə üz-üzə qoya bilərdi?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Ramiz Mehdiyev-Abbas-Abbasov-Əli Kərimli triodasının cinayətlərinin sübutlarla ifşa olunması, əslində, Azərbaycan dövlətçiliyinin xilas edilməsi deməkdir:
“Bir sıra mətləblər var ki, onlar çox açıq şəkildə ictimai diqqətə çatdırılmalıdır. Hər bir Azərbaycan vətəndaşı başa düşməlidir ki, bu triodanın xəyanəti Azərbaycan dövlətçiliyi ilə bərabər hər bir Azərbaycan vətəndaşına edilmiş xəyanətdir. Çünki dövləti quran xalqdır. Dövləti imperialist mərkəzlərə təslim etmək xəyanəti xalqın hər bir fərdinə qarşı olan xəyanətdir. Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov siyasi mövqeyi ilə bəlkə müxtəlif qütblərin təmsilçiləridir. Amma onları birləşdirən vətənə xəyanət məqsədləridir. Bu prosesdə bir daha aydın olmalıdır ki, biz necə çətin şərtlər içərisində qələbə əldə etmişik və onu necə beş ildən çoxdur qoruyub saxlaya bilirik”.
Deputat qeyd edib ki, biz həmişə ərazi bütövlüyümüzə, suverenliyimizə təhdid kimi xarici qüvvələri görmüşük. Amma sən demə o xarici qüvvələrin agentləri, agentura şəbəkələri həm Azərbaycanda müxtəlif vəzifələrə, həm də Azərbaycan siyasi sisteminin müxtəlif qütblərinə yerləşdiriliblərmiş:
“Bu vaxta qədər özünü cəmiyyətə müxalifətin lideri kimi, demokratik dəyərlərin daşıyıcısı kimi təqdim edən Əli Kərimli sən demə ucuz bir vətən xaini imiş, vətəni satmaq üçün qərblə, şərqlə, şimalla, cənubla, hər kəslə birləşməyə hazır imiş. Bu prosesdə Azərbaycana demokratiya, insan hüquqları, söz azadlığı dərsi keçən Qənimət Zahid, Fuad Qəhrəmanlı və digərləri bəlli olur ki, necə ucuz qiymətə əldən-ələ rüşvət almaqla, Azərbaycana düşmən qüvvələrlə əməkdaşlıq etməklə vətənə xəyanət ediblər. Xəyanətin, vətəni satmağın bundan da eybəcər forması ola bilməz. Ona görə də bu cinayətkarlar haqlı olaraq ifşa ediliblər və cəzalarına çatmalıdırlar. Bu, böyük xəyanətkar şəbəkənin hər bir üzvü ifşa olunmalıdır və eynən bu şəkildə xalqa tanıdılmalıdır və layiqli cəzalarını almalıdırlar”.
Musavat.com






Şərhlər