
“Qərb ölkələri Cənubi Qafqazda öz təsirlərini gücləndirməyə çalışır və bu da regionda gərginliyi artırır”.
Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov bildirib.
Onun sözlərinə görə, Orta Asiyadakı vəziyyət də narahatlıq doğurur: “Əfqanıstandan olan terrorçu qruplar ekstremist fəaliyyətin qonşu ərazilərə sıçraması təhlükəsi yaradır. Bundan əlavə, radikal ideologiyanın və narkotik qaçaqmalçılığının yayılması riski qalır. KTMT-nin məsuliyyət zonasında vəziyyət gərgin və gözlənilməz xarakterlidir. Beynəlxalq münasibətlərin pisləşməsi fonunda münaqişə potensialı yalnız artacaq”, - Serdyukov iddia edib.
Beləcə, rus general əslində, Qərbi, ABŞ-ni ittiham eləməklə Kremlin “biz gəlməsək, vəziyyətiniz pis olacaq” mesajını çatdırmaq istəyir. Hədə kimi bir təlaş yəni. Qurdun quzu üçün əndişəsi...
Bu azmış kimi, bir gün sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Moskva Ermənistanın Qərblə sürətlə yaxınlaşmasını birbaşa Kremlin maraqlarına təhdid və "geosiyasi oyun" kimi qiymətləndirir. O, İrəvanı Qərbin əlində "alətə" çevrilməməyə çağırıb. Qaluzin bildirib ki, Nikol Paşinyanın "Rusiyanın maraqlarına zərər vurmayacağıq" deməsinə baxmayaraq, real mənzərə tamamilə fərqlidir: “Ermənistan Qərblə hərbi-siyasi və iqtisadi yaxınlaşma sürətini artırır. Biz dəfələrlə erməni tərəfdaşlarımıza demişik — Qərb bunu artıq gizlətmir — Ermənistan onlar üçün Moskva ilə geosiyasi mübarizədə sadəcə bir alətdir”.
ABŞ-dakı Atlantik Şurasının Avrasiya Proqramının direktoru Con Herbst isə hesab edir ki, Tramp heç də Rusiyanı Cənubi Qafqazdakı təsirindən məhrum etməyə çalışmır, əksinə ABŞ-ın maraqları naminə region ölkələri ilə münasibətləri inkişaf etdirməyə səy edir. Onun fikrincə, Bakı və İrəvanla münasibətləri inkişaf etdirmək niyyəti Rusiyanın Ermənistanda və bütövlükdə regionda təsirindən məhrum edilməsi istəyi ilə əlaqəli deyil. “Bu, nəticə kimi görünə bilər, amma Trampın ilkin məqsədi deyil. O, ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını görür, lakin onları Rusiyanın maraqları ilə əlaqələndirmir”, - ekspert vurğulayıb. Herbst bildirib ki, Tramp Cənubi Qafqaz məsələsi üzərində işləməyə hələ 2025-ci ilin aprel-may aylarında başlayıb və avqust ayında Ağ Evdə Əliyev və Paşinyanla görüş keçirilib.
Bəllidir ki, Güney Qafqazda KTMT üzvü olan tək ölkə Ermənistandır. O da formal üzv kimi qalır. O zaman Moskva nədən ona aid olmayan bölgə ilə bağlı bunca əndişə keçirir, yoxsa hansısa məkrli planlar üçün bəhanə axtarışındadır?
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Rusiya SSRİ dağılandan sonra Mərkəzi Asiyaya və Cənubi Qafqaza özünün tarixi və ənənəvi təsir zonası kimi baxıb:
“Bir zamanlar Rusiyanın bu bölgələrə təsir göstərmək üçün imkanları daha çox idi. Amma hazırda dünyada gedən proseslər nəticəsində Rusiyanın nə qədər marağı olsa da, Mərkəzi Asiya və Cənubi Qafqaza müdaxilə imkanları xeyli dərəcədə məhdudlaşıb. Rusiyanın bu bölgələrdə hazırda gedən proseslərdən narahat olmağa özü üçün əsasları çoxdur. Bu da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin artıq Rusiyanın birmənalı təsir dairəsində olmaq ənənəsi ilə açıq şəkildə barışmamaqlarıdır. Hər iki bölgənin dövlətləri artıq Rusiyadan asılı olmamaq, dünya ilə açıq siyasət aparmaq kursu götürüblər. Burada ənənəvi olaraq Azərbaycan müstəqil siyasət kursu qeyd edilməlidir. Ermənistan da son illərdə Rusiyanın təsirindən uzaqlaşma kursunu götürüb. Mərkəzi Asiya ölkələrinin isə son vaxtlar Rusiyanın zəifləməsi nəticəsində Qərbə reveransları güclənir”.
Siyasi şərhçi hesab edir ki, ona görə də Rusiya bu bölgələri itirmək təhlükəsi və bu bölgələrlə bağlı nə edəcəyi ilə bağlı sual qarşısında qalıb:
“Rusiya bu prosesin qarşısını almaq üçün hər cür ağıla gələn və ağıla gəlməz addımlar atmağa hazır vəziyyətdədir. İstisna deyil ki, haqqında söhbət gedən bölgələrdəki respublikalara qarşı çox sərt addımlar atmaq haqqında planlar cızır. Lakin onun bu planları həyata keçirmək üçün gücü və təsir imkanları 10-15 il öncə ilə müqayisədə zəifləyib. Ona görə də planlar elə plan olaraq da qalacaq. Təzyiqlər etmək imkanları isə qalır və Rusiya təzyiqlər edəcək”.
Musavat.com





Şərhlər