İrəvan və Bakı Zəngəzur dəhlizi ilə bağlı pərdəarxası razılaşmalar əldə edib.
Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin əldə etdiyi pərdəarxası razılaşmaları nəzərə alsaq, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsi ilə bağlı narahatlıqlar var.
“Reportyor.tv'' xəbər verir ki, bunu İran parlamentinin erməniəsilli deputatı Ara Şaverdyan “MiranPress”ə açıqlamasında deyib.
“Ermənistan hakimiyyəti hər zaman Zəngəzur dəhlizinin əleyhinə olduğunu desə də, faktlar göstərir ki, biz bu dəhlizə addım-addım yaxınlaşırıq, bu da İranın maraqlarına ziyandır. Çünki bu, Cənubi Qafqazda mövcudluğumuzu məhdudlaşdırır və Cənub-Şimal dəhlizinə xələl gətirir”, - iranlı deputat deyib.
İranlı deputat əlavə edib ki, Qarabağ Azərbaycana verilsə, addım-addım irəliləyəcək, Zəngəzur dəhlizini və ya digər dəhlizləri ələ keçirəcəklər: “Çünki onlar Avropa və Türkiyə ilə əlaqə qurmaq istəyirlər və bu, bizim Avrasiyaya, Qara dənizə və Gürcüstana çıxışımızı məhdudlaşdıracaq. Bu gün Türkiyənin Naxçıvan və İran torpağı vasitəsilə Azərbaycanla əlaqələri var və bu sərhəd dəyişikliyinə, bölgədə baş verən proseslərə ehtiyac yoxdur.
Təəssüf ki, Cənubi Qafqazda sionist rejim və NATO kimi üçüncü qüvvələr bizim Avrasiyaya çıxışımızı məhdudlaşdıran amillərdir və bu, bizə siyasi, iqtisadi və strateji baxımdan zərər vurur. Biz Avrasiya İqtisadi İttifaqının daimi üzvü olacağımıza ümid edirik”, - o bildirib.