Suriya nizamlanması üzrə Astana formatı davam etdiriləcək, bu, format özünün həyat qabiliyyətini göstərib.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev Qazaxıstanın Astana danışıqlarını başa çatdırmaq təklifindən sonra bildirib.
O əlavə edib ki, Astana formatı tədbirin keçiriləcəyi yerə bağlı deyil. “O, (Astana formatı – red.) formal olaraq bir yerə bağlanmışdı, çünki Qazaxıstan rəhbərliyi müəyyən olunmuş formatda beynəlxalq görüşlərin keçirilməsi üçün platforma təqdim etməyə razılaşmışdı”, - deyə rusiyalı diplomat vurğulayıb.
Mövcudluğunu davam etdirən “Astana” formatı təbii ki, öz işini davam etdirəcək. Bu format beynəlxalq ictimaiyyətin Suriya nizamlanması üzrə qondarma səylərinin dayandırılması fonunda öz həyat qabiliyyətliliyini sübut edib”,- deyə Lavrentyev Suriya üzrə Astana danışıqlarının 20-ci iclasının yekunlarına dair brifinq zamanı qeyd edib.
Qeyd edək ki Qazaxıstan XİN başçısının müavini Kanat Tumış Astanada Suriya ilə bağlı danışıqların keçirilməsini yekunlaşdırmağı təklif edib.