“Zati-aliləri Prezident İlham Əliyev Pakistan Baş naziri ilə mətbuata bəyanatı zamanı iki liderin müdafiə sahəsində əməkdaşlığı müzakirə etdiklərini və iki tərəf arasında mövcud olan əməkdaşlıq sahələrini daha da dərinləşdirmək və genişləndirmək barədə razılığa gəldiklərini qeyd etdi. Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirə biləcəyimiz perspektivləri müzakirə etmək üçün tezliklə Pakistana müdafiə (sektorundan – red.) nümayəndə heyəti göndərəcəyini də əlavə etdi”.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Reportyor.tv müsahibəsində deyib.
Diplomat bildirib ki, müdafiə sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin ən möhkəm sütunlarından biri olub.
“Yadınızdadırsa, 2021-ci ildə Türkiyənin də iştirakı ilə bizim üçtərəfli təlimimiz oldu, buna “Üç Qardaş Təlimləri” deyilirdi. Amma bilirsiniz ki, əməkdaşlıq indi birgə təlimlərdən kənarda da genişlənir və təbii ki, Azərbaycana Pakistanın hərbi sənaye kompleksindən faydalanmaq imkanı təklif olunub.
Məsələn, bir neçə il əvvəl Pakistanın “Maşak” təlim təyyarələri - bu, əsasən Azərbaycana gətirilən təlim təyyarələri idi. Amma indi başqa sahələrdən ixracın davamı ilə bağlı müzakirələr gedir. Beləliklə, biz ümid edirik ki, yaxın həftələrdə iki lider arasında razılaşdırılmış konkret sahələri müzakirə etmək üçün Azərbaycandan Pakistana nümayəndə heyəti səfər edəcək. Ümid edirik ki, qarşıdan gələn həftələr və aylar iki ölkə arasında müdafiə sahəsində əlaqələrin daha da genişlənməsini və möhkəmlənməsini göstərən daha çox xoş xəbərlər gətirəcək”, - Bilal Hayee qeyd edib.
