Cəmi doqquz erməni lazımdır ki, bu problem həll olunsun
Tarix: 17-04-2025, 09:20
Baxılıb: 181
Google+ Paylaş
Tumblr Paylaş

Cəmi doqquz erməni lazımdır ki, bu problem həll olunsun

17-04-2025, 09:20

“Paşinyan yaxın aylarda daha 2-3 hakimi işdən kənarlaşdırmaqla səs çoxluğunu öz xeyrinə dəyişməyə çalışacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Bakının konstitusiya tələbini bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə yox, səmimi narahatlıq kimi qəbul etmək lazımdır. Amma hökumət başçısı məsuliyyəti də Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə qoyub.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi sədr daxil olmaqla, 9 üzvdən ibarətdir. Paşinyan hakimiyyətə gələndən sonra Köçəryana qarşı məhkəmə işi başlatdırmış, lakin Konstitusiya Məhkəməsi yenə də onun həbs edilməsinin qarşısını almışdı. Bundan sonra Paşinyan qurumun sədri Hrair Tovmasyana qarşı kampaniya təşkil etmişdi. 
O, əvvəlcə Tovmasyanı könüllü istefa verməyə çağırmış, sonradan isə ona qarşı iki cinayət işi açılmışdı. 2019-cu ilin iyununda Ermənistan parlamentinin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırılıb, Tovmasyan sədrlikdən çıxarılıb, lakin məhkəmədə hakim kimi işində qalıb.
Hazırda sədr təyinatı yoxdur. Deməli, Azərbaycanın tələbini yerinə yetirmək üçün həmin 9 nəfərin rəyi kifayətdir və Paşinyan onlara təsir edə bilər. O zaman baş nazir nəyi gözləyir?
Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az
Sona Əliyeva
Sabiq deputat Sona Əliyeva Paşinyanın prosesi uzatmağa çalışdğını vurğuladı: “Ermənistan Konstitusiya Məhkəməsi, eləcə də bütövlükdə hüquq sistemi hələ də Kremlin diqtəsi ilə oturub-durur. Nikol Paşinyan geridə qalan yeddi il ərzində məhkəmə-hüquq sistemində müəyyən islahatların aparılmasına nail olub. Ancaq bu kifayət etmir. İşğalçı ölkə rus diqtəsindən xilas olmaq üçün bu sahədə köklü islahatlara getməlidir. Baş nazir Nikol Paşinyan da ən yaxın siyasi rəqiblərini məhkəmə sisteminə nəzarət edə bilmədiyi üçün həbs etdirə bilməyib. Bir sözlə, indiki məqamda ruspərəst məhkəmə hakimləri Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə imtinaya elə də isti yanaşmırlar. Bu baxımdan, Paşinyan hər vəchlə prosesi  yubatmağa çalışır. Fikrimcə, Nikol Paşinyan yaxın aylarda daha 2-3 hakimi işdən kənarlaşdırmaqla adıçəkilən qurumdakı səs çoxluğunu öz xeyrinə dəyişməyə çalışacaq. Məhz bundan sonra məlum referenduma getmək Paşinyan üçün bir qədər də asanlaşacaq. Üstəlik, Paşinyandan narazı olan 40-45 faizlik seçici üçün maarifləndirmə işləri aparılmalıdır. Bu da vaxt aparan işdir. Amma Bakı İrəvana təzyiqləri bir qədər də artırsa, o zaman Ermənistanda hər kəs vəziyyətin ciddiliyini və geriyə dönüş olmadığını anlayacaq. Üstəlik, Ankara da son illərdə bu məsələdə həssaslığını artırıb. Deməli, Ermənistan üçün hər hansı bir əngəl qalmır. Əgər süni maneələr olarsa, bu, İrəvana baha başa gələ bilər. Bunu da yaxşı başa düşürlər”.
Hüquqşünas alim qızıl medalla təltif olundu
Əlövsət Allahverdiyev
Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev hesab edir ki, Paşinyan bu fikirləri söyləməklə bilavasitə Konstitusiya Məhkəməsinə dəyişikliklərin edilməsinin zəruriliyini çatdırmaq istəyir: “Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və sülh sazişinin imzalanması Ermənistan və Azərbaycan ictimaiyyətində son günlərin ən aktual məsələlərindən birinə çevrilib. Ermənistan parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman sülh və münaqişə seçimi qarşısında qalacağıq. Daha sonra o qeyd edib ki, biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Və buna görə də bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi ölkə konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni əsas qanunda nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqan Konstitusiya Məhkəməsidir. Əslində Paşinyan bu fikirləri söyləməklə bilavasitə Konstitusiya Məhkəməsinə dəyişikliklərin edilməsinin zəruriliyini çatdırmaq istəyir. Eyni zamanda bu baş verməzsə, münaqişənin baş verə biləcəyini ciddi şəkildə vurğulayır. Bu səbəbdən də o bildirir ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı mövqeyinin bəhanə deyil, səmimi narahatlıq olduğunu qəbul etsək, o narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamaqdır. Niyə? Çünki bizim qanunvericiliyimizə görə, hökumət sülh sazişinin mətnini konstitusiyamıza uyğunluğunu yoxlamaq üçün Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndərməyə borcludur. Proses onu göstərir ki, gec-tez Ermənistan Azərbaycanın konstitusiyaya dəyişiklik təklifini qəbul edəcək. Paşinyanın fərqli bəyanatlar verməsi, konstitusiyaya dəyişikliyinin 2027-ci ildə olacağını bildirməsi heç nəyi dəyişməyəcək. Sadəcə, görünən odur ki, Paşinyan Ermənistan ictimaiyyətini bu prosesə hazırlamağa və yeni konstitusiyanın regional baxımdan əhəmiyyətli olacağına inandırmağa çalışır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ