Trampın Ağ Evə qayıdışı ilə həqiqətənmi ənənəvi Qərb daha mövcud deyil? - rəy
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Qərbin köhnə formasının artıq mövcud olmadığını bildirib. “Die Zeit” qəzetinə verdiyi müsahibədə o, Qərbin əvvəlki modelinin sona çatdığını söyləyib.“Bizim tanıdığımız formada Qərb artıq yoxdur. Dünya artıq geosiyasi baxımdan da qlobusa çevrilib. Bu gün dostluq şəbəkələrimiz bütün dünyanı əhatə edir - bunu gömrük tarifləri ilə bağlı debatlarda da aydın görə bilərsiniz”.
Jurnalistin “Avropa İttifaqı Qərb dünyasının yeni liderinə çevrilibmi” sualına cavabında fon der Lyayen Brüssellə Vaşinqton arasında daimi əməkdaşlığa inandığını bildirib: “Mən ABŞ-ın böyük dostu və qətiyyətli atlantistəm. Amma eyni zamanda digər tərəfdaşlarla əlaqələri də inkişaf etdirməyin vacibliyini anlayıram”.
Ursula Fon der Lyayen haqlıdırmı? Xüsusən də Trampın Ağ Evə qayıdışı ilə həqiqətənmi əvvəlki Qərb daha mövcud deyil? Bunun konkret olaraq Azərbaycana xeyri-ziyanı nədən ibarətdir?

Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirdi ki, Donald Trampın Ağ Evə qayıdışı dünyada zəlzələ effekti yaratdı və çoxlu həqiqətlərin üzə çıxmasına səbəb oldu: “Başqa siyasətçilərin demədiklərini Tramp açıq şəkildə söylədi və Qərbin mahiyyətini ortaya qoydu. Məlumdur ki, Amerikanın ticarət tərəfdaşları içərisində Meksika, Kanada, Çin, Avropa dövlətləri əhəmiyyətli yer tuturlar. Bunların böyük əksəriyyəti ilə münasibətlərdə, ticarət münasibətlərində ABŞ mənfi saldoya malikdir. Yəni daha çox idxal edir, nəinki satır. Təbiidir ki, bu, Amerika iqtisadiyyatına öz təsirini göstərir. Donald Tramp bu reallığı, bu vəziyyəti dəyişmək istəyir tələb edir ki, Amerikadan daha çox məhsullar alın, Amerikaya investisiya qoyun, Amerikadan istifadə eləmək, Amerikaya qarşı ədalətsiz rüsumlar tətbiq etmək dövrü keçdi, belə dostluq olmaz. Üç il ərzində Avropa Ukraynaya yüz milyard dollar səviyyəsində yardım edib. Bi raz artıq da deyirlər bəzi mənbələr. Ancaq bu üç il ərzində Avropa Rusiyadan neft və qaz alıb Rusiyaya 240 milyard dollar ödəyib. Təbiidir ki, burada kifayət qədər suallar ortaya çıxır. Sən Ukraynanı özünün müttəfiqin elan edirsən, ”Ukraynanın yanındayıq" deyirsən, cəmi yüz milyard yardım edirsən və onun da yarıdan çoxunu kredit şəklində verirsən, Rusiyaya isə 240 milyard dollar xeyir verirsən. Yaxud ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etmək sahəsində öhdəliklərini qeyd etmək olar. Bu günə qədər Avropa Amerikaya ümidli olub və buna görə də özünün ordusu çox zəifdir. Xüsusilə quru qoşunları Avropanın bəzi dövlətlərində yox dərəcəsindədir. Avropanın ən çox saylı quru qoşunları Polşadadır və onun sayı cəmi 300 min nəfərdir. Bu da, təbiidir ki, prezident Trampı qane eləmir. Xərclərin artırılmalı olduğunu, münasibətlərdə dürüstlüyün olmasının vacibliyini deyir . Bu məsələlərdə hesab edirəm ki, ABŞ və onun prezidenti düzgün mövqe tutur, haqsız deyil. Ancaq demək olmaz ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dediyi kimi, əvvəlki Qərb modeli artıq sona çatıb.Tramp hakimiyyətdən gedəndən sonra Demokratlar 2028-ci ildə seçkiləri uda bilsələr, hər şey yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Yaxud çox qayıdacaq. Ona görə burada qısa bir fasilə barədə danışmaq daha düzgün olardı".
Ekspert qeyd etdi ki, Co Bayden administrasiyası dövründə Avropa İttifaqı və ABŞ eyni cəbhədən çıxış edirdilər. Çox təəssüf ki, son dövrlər Azərbaycana qarşı ədalətsiz mövqe tuturdular. Elə bu səbəbdən də həm ABŞ, həm də Avropa İttifaqı daışıqlar prosesindən uzaqlaşdırıldı. Çünki ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular. Tərəfli mövqe tutanlar vasitəçi ola bilməzdilər. Lakin bu gün artıq o birlik yoxdur: “Tramp tamamilə fərqli mövqe tutur və bu, təbiidir ki, biz bu amildən faydalana bilərik. Tramp administrasiyasının Ermənistana münasibəti də yaxşı deyil. Onu Nikol Paşinyanın Vaşinqtona səfəri də göstərdi. Son aylar baş verən hadisələr də göstərir ki, Bayden hakimiyyətinin son günlərində imzalanmış Ermənistanla strateji tərəfdaşlıq xartiya Ermənistana xeyirdən çox ziyan gətirib. Təbiidir ki, biz bu məqamlardan istifadə eləyə bilərik. Ermənisatana təzyiqlərin olması qısa müddətdə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Eyni zamanda məlumdur ki, Trampın əsas missiyalarından biri sülh yaratma missiyasıdır, tarixə sülhpərvər prezident kimi düşmək, Nobel sülh mükafatı almaq istəyir. Burada ilk addım Azərbaycan Ermənistan sülh sazişinin imzalanmasına nail olmaq ola bilər. Çünki hələ Ukraynada proses yəqin ki, xeyli uzanacaq, İsrail-Fələstin münasibətlərində də kifayət qədər problemlər var, İranın nüvə proqramı ilə bağlı məsələlər də də kifayət qədər gərgin fazadadır. Bu səbəbdən Tramp əsas gücünü Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına yönəltsə qısa müddətdə bu sənədin imzalanmasına nail oluna bilər. Bu da, təbiidir ki, bölgə, dünya və Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik məsələdir”.