
Cənubi Asiyada vəziyyət kritik həddə çatıb. Pakistan ordusunun Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində onlarla insanın həlak olduğu və yaralandığı bildirilir.
Reportyor.tv xəbər verir ki, "Taliban" hərəkatının nümayəndələri qurbanlar arasında çox sayda qadın və uşağın olduğunu iddia edirlər.
Pakistan hakimiyyəti hücumun hədəfinin son vaxtlar ölkədə törədilən terror aktlarının təşkilatçıları olduğunu bəyan edib. Rəsmi İslamabadın açıqlamasına görə, Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirilən kamikadze hücumlarının məhz Əfqanıstan ərazisindən idarə olunduğuna dair əllərində "təkzibolunmaz kəşfiyyat məlumatları" var.
Əfqanıstan Müdafiə Nazirliyi bu hücumu milli suverenliyin "kobud şəkildə pozulması" adlandıraraq kəskin şəkildə pisləyib. "Taliban" rəsmiləri bəyan ediblər ki, Pakistanın bu hərəkətinə "uyğun və ölçülü cavab lazımi vaxtda veriləcək". Kabil bir daha təkrar edib ki, heç bir silahlı qruplaşmanın Əfqanıstan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməsinə icazə vermir.
Reuters agentliyinin qeyd etdiyi kimi, bu gərginlik Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Kabildə üç Pakistan əsgərinin azad edilməsindən cəmi bir neçə gün sonra baş verib. Sərhəddə gərginliyi azaltmaq üçün atılan bu addımdan dərhal sonra Pakistanın endirdiyi hava zərbələri regionda vəziyyəti daha da pisləşdirib və hərbi qarşıdurma riskini artırıb.
Musavat.com






Şərhlər