
ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyinin öldüyünü açıq şəkildə bəyan edib və bunu “ədalətin təntənəsi” adlandırıb.
Musavat.com xəbər verir ki, Tramp yaydığı geniş bəyanatda Xamneyini “tarixin ən şər insanlarından biri” kimi təqdim edərək onun ölümünün təkcə İran xalqı üçün deyil, həm də “Xamneyi və onun qana susamış dəstəsi tərəfindən öldürülmüş və ya şikəst edilmiş amerikalılar və digər ölkə vətəndaşları üçün ədalət” olduğunu bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Xamneyi Amerika kəşfiyyatının və “yüksək səviyyəli izləmə sistemlərinin” nəzarətindən yayınmağa qadir olmayıb. O, İsraillə sıx əməkdaşlıq şəraitində həyata keçirilən əməliyyat nəticəsində Xamneyinin və onunla birlikdə digər yüksək səviyyəli rəhbərlərin zərərsizləşdirildiyini açıqlayıb.
Tramp bəyanatında bildirib ki, bu hadisə İran xalqı üçün “ölkəni geri qaytarmaq üçün ən böyük fürsətdir”. Onun sözlərinə görə, İranın SEPAH (IRGC), ordu və digər təhlükəsizlik strukturlarının bir hissəsi artıq döyüşmək istəmir və ABŞ-dan “immunitet” istəyir. Prezident daha əvvəl söylədiyi fikri təkrarlayaraq deyib: “İndi immunitet ala bilərlər, sonra isə yalnız ölüm əldə edəcəklər”.
Eyni zamanda Tramp İran ərazisində həyata keçirilən bombardmanların davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, “ağır və nöqtəvi zərbələr” həftə boyu və ya Yaxın Şərqdə və dünyada sülhə nail olunana qədər fasiləsiz davam edəcək.
Xatırladaq ki, son günlər ABŞ mediasında Trampın Xamneyinin ölümü ilə bağlı “dəqiq məlumatlara” malik olduğu barədə xəbərlər yayılmışdı. Bundan əvvəl o, NBC-yə müsahibəsində Xamneyinin ölümü ilə bağlı xəbərləri “etibarlı saydığını” demişdi. İndi isə ABŞ prezidenti artıq birbaşa və qəti şəkildə “Xamneyi öldü” bəyanatı ilə çıxış edib.
İran tərəfi isə rəsmi şəkildə bu məlumatı təsdiqləməyib və Xamneyinin “sahədə komandanlıq etdiyini” bildirmişdi. Bununla belə, Trampın son açıqlaması regionda vəziyyəti daha da gərginləşdirib.
Yaxın Şərqdə hərbi-siyasi proseslər sürətlə dəyişir və beynəlxalq ictimaiyyət hadisələrin növbəti mərhələsini diqqətlə izləyir.






Şərhlər