Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Əmr Musa: “İsrail varsa, Fələstin də olmalıdır – Yaxın Şərqdə sülhün açarı budur”
Əmr Musa: “İsrail varsa, Fələstin də olmalıdır – Yaxın Şərqdə sülhün açarı budur”

"BMT Təhlükəsizlik Şurası iflic vəziyyətindədir"
XIII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” panelində Misirin keçmiş xarici işlər naziri və Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa çıxış edib.

Musavat.com bildirir ki, Əmr Musa Yaxın Şərqdəki gərginliyə və qlobal təhlükəsizlik anlayışının dəyişməsinə diqqət çəkib:

"Bu gün beynəlxalq sistemdə ikili standartlar ciddi problemlər yaradır. Yeni qaydalar haqqında danışırıqsa, bu standartları aradan qaldırmalıyıq. Təəssüf ki, bu, Qərb xarici siyasətində də özünü göstərir. 60 min fələstinlinin həyatını itirməsini qəbul etmirsinizsə, bu artıq ədalətsizlikdir və bu barədə heç kim danışmır. Fələstinlilər bu işğala müqavimət göstərir. Biz birgə işləməliyik ki, sülh yolu ilə həllər tapaq. Yaxın Şərqdə sülhün təmin olunması üçün İsrail-Fələstin məsələsi açar rolunu oynayır. İsrail dövləti varsa, Fələstin dövləti də olmalıdır. Fələstin dövləti olmadan Yaxın Şərqdə sülh mümkün deyil. Hazırda İsrail tərəfindən idarə olunan vəziyyət hər hansı ağlabatan həll üçün əngəl yaradır".

Paneldə Əmr Musa XXI əsrdə qlobal təhlükəsizliyin mənasının dəyişdiyini də qeyd edib. Onun sözlərinə görə, Qlobal Şimal və Qlobal Cənub arasında sosial, iqtisadi və siyasi parçalanma dərinləşməkdədir və bu, qlobal təhlükəsizlik məsələlərini daha mürəkkəb və çoxşaxəli edir:

“Qlobal təhlükəsizlik barədə düşünərkən əsas sual yaranır: Qlobal Cənubun mövqeyi və bu regionla bağlı strateji addımlar necə müəyyən edilməlidir? Yeni qlobal nizamın formalaşmasında təhlükəsizlik məsələlərinin rolunu dəqiqləşdirmək vacibdir. Beləliklə, qlobal təhlükəsizlik anlayışının tam şəkildə müəyyən edilməsinə nail ola bilərik”.

Əmr Musa çıxışı zamanı həmçinin BMT Təhlükəsizlik Şurasının iflic vəziyyətinə toxunub və beynəlxalq qurumların qlobal çağırışlara çevik və ədalətli cavab verməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, beynəlxalq hüququn və ədalətin təmin edilməsi, ikili standartların aradan qaldırılması və tərəflərin bərabər hüquqlarının qorunması qlobal sülh və təhlükəsizlik üçün əsas şərtlərdir.

Şərhlər