Kreml daha bir dəhşətli varianta əl atır: Ukraynalılar bir-biriylə savaşacaq, Rusiya monoetnik ölkəyə çevriləcək
Tarix: 23-11-2022, 00:33
Baxılıb: 213
Google+ Paylaş
Tumblr Paylaş

Kreml daha bir dəhşətli varianta əl atır: Ukraynalılar bir-biriylə savaşacaq, Rusiya monoetnik ölkəyə çevriləcək

23-11-2022, 00:33

Rusiyanın daha iki milyon vətəndaşı orduya çağırmaq üçün yeni səfərbərlik niyyətində olması barədə iddialar Kremlin qorxunc planlarından xəbər verir... Ordunu silah-sursatla təmin edə bilməyən Rusiyanın hakim dairələri Ukrayna savaşında məğlubiyyətdən yayınmaq üçün döyüş bölgəsində “ətdən divar hörmək” niyyətinə düşmüş kimi görünürlər...

Ukrayna savaşının mümkün nəticələri artıq daha konkret ehtimallar üzərindən müzakirə edilir. İndi əksər, Qərb ekspertləri Ukraynanın Rusiya üzərində hərbi qələbə qazana biləcəyini daha əminliklə iddia edirlər. Ukrayna rəsmi dairələri isə gələn ilin mart-aprel aylarına qədər Rusiyanın məğlubiyyətinin qaçılmaz olacağını vurğulayırlar. Və hətta Rusiyanın məğlubiyyətinin bir qədər də tezləşərək, yanvar-fevral aylarında reallaşa biləcəyini də qətiyyən istisna etmirlər.
Təbii ki, Rusiyanın siyasi dairələri belə ehtimalları yaxına belə, buraxmaq istəmirlər. Kremldə verilən açıqlamalarda birqayda olaraq, Rusiyanın qaçılmaz qələbəsinə inam ifadə olunur. Rusiyanın uzunmüddətli müharibə üçün daxili hərbi və iqtisadi resurslarının yetərli olduğu vurğulanır.
Ancaq Ukrayna savaşının yaratdığı mövcud situasiya tamamilə fərqli situasiyadan da xəbər verir. Belə ki, Rusiyanın savaş hədəflərinin heç birisinə çatılmayıb. Əksinə, üç gün ərzində Ukrayna paytaxtı Kiyevdə qələbə paradı keçirmək iddiası ilə savaşa başlayan Rusiya hərbi əməliyyatlarla işğal etdiyi ərazilərin əhəmiyyətli hissəsindən geri çəkilmək məcburiyyətində qalıb.

Savaşin ilk günlərində Ukraynanın silahsızlaşdırılması və Zelenski hakimiyyətinin dəyişdirilməsi hədəfi barədə danışılırdı. İndisə, Kremldən verilən açıqlamalarda Rusiyanın Ukraynanı silahsızlaşdırma və Zelenski hakimiyyətinin dəyişdirlməsi kimi hədəflərinin heç vaxt olmadığını bəyan etməyə başlayıb. Yəni, Kreml vaxtilə ön plana çıxartdığı bütün iddiaları artıq inkar edir və hədəflərini kiçiltməklə məşğuldur.
Onu da qeyd etmək lazımdır ki, Rusiya qoşunları Xersondan çəkildikdən sonra Kremlə yaxın siyasi dairələrdə tədricən pessimist əhval-ruhiyyə daha qabarıq şəkildə müşahidə edilməyə başlayıb. Qeyri-rəsmi sızan məlumatlarda etiraf edilir ki, Xersonun itirilməsi Rusiya üçün savaşda ciddi dönüş nöqtəsi hesab olunur. Və indi Donbasın tamamilə Ukrayna silahlı qüvvələrinin nəzarətinə keçəcəyinə yönəlik narahatlıq artıb.
Halbuki bir müddət öncə Donbasda qondarma “referendumlar” keçirilmişdi, prezident Vladimir Putin həmin ərazilərin Rusiyaya birləşdirildiyini rəsmən elan etmişdi. Hazırda Rusiya ordusu həmin əraziləri müdafiə etmək imkanlarını hər ötən gün daha da itirir. Üstəlik, Kremlin ifrat şəkildə qıcıqlanmsına əhəmiyyət verməyən rəsmi Kiyev savaşı artıq Rusiya ərazisinə keçirtməyə də başlayıb. Hər halda, Ukrayna ordusu son günlər Rusiyanın savaş bölgəsinə yaxın ərazilərində olan hərbi obyektlərə daha intensiv zərbələr endirir.
Göründüyü kimi, artıq yalnız müdafiə taktikasına məcbur qalan Rusiya üçün savaş tədricən sona doğru yaxınlaşır. Kremldə isterik situasiyanın olduğu barədə də məlumatlar mövcuddur. İddia olunur ki, yaxın vaxtlarda Kreml kəskin qərarlar qəbul etməyə hazırlaşır. Və bu qərarların Putin hakimiyyəti üçün siyasi-ictimai risklər daşıdığı da iddia olunur.

Məsələ ondadır ki, prezident V.Putinin elan etdiyi qismən səfərbərlik Rusiyanın hərbi problemlərini həll etmək üçün yetərli olmayıb. Ona görə də, yaxın vaxtlarda, təxminən yanvar ayında Rusiyada növbəti səfərbərlik dalğasının olacağı gözlənilir. Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, Kremldə 2 milyon nəfərin orduya cəlb edilməsinin vacibliyi müzakirə edilir. Və bu 2 milyon yeni hərbçinin isə 300 min nəfərinin qadınlardan ibarət olması nəzərdə tutulur.
Digər bir önəmli iddiada bildirilir ki, bu dəfə hərbi səfərbərliyə cəlb edilənlərin əsasən, Ukrayna soyadı ilə olmasına üstünlük veriləcək. Yəni, qismən səfərbərlikdə milli-etnik azlıqların nümayəndələrinə üstünlük verilirdisə, bu dəfə Ukrayna soyadlı Rusiya vətəndaşları ordu sıralarına cəlb edilməlidir. Bununla da, Ukraynaya qarşı ukraynalılar vasitəsilə savaşmaq məqsədi güdülür. Və Ukrayna hərbçilərinin Rusiya ordusundakı ukraynalılara qarşı döyüş qabiliyyətinin aşağı düşə biləcəyinə ümid bəslənilir.
Ancaq bütün bunlara baxmayaraq, Rusiyanın kifayət qədər hərbi təchizat problemləri də mövcuddur. Belə ki, Kreml orduya yeni cəlb edilmiş 300 min hərbçini ən elementar döyüş vasitələri ilə təmin etməkdə çətinlik çəkir. Silah-sursat ehtiyatı tükənir, hərbi texnika qıtlığı yaşanır. Hətta silah-sursat çatışmazlığı ucbatından orduya yeni çağırılmış əsgərlərlə zabitlər arasında dava-dalaşın olması barədə də məlumatlar artmağa başlayıb.
Belə vəziyyətdə daha 2 milyon yeni əsgərin necə silahlandırılacağı da Kreml üçün olduqca ağır problemdir. Halbuki, yaxşı silahlandırılmış 2 milyonluq ordu nəinki Ukraynanı, hətta Avropanı da işğal etmək iddiasına imkan aça bilərdi. Rusiyanın vəziyyətindəsə, bu barədə danışmaq qətiyyən mümkün deyil. Çünki, indiki halda, yeni səfərbərliklə Rusiya ordusunda yalnız say artımına nail olmaq mümkündür.
Belə anlaşılır ki, Kreml Ukrayna savaşında dönüş yaratmaq üçün yaxşı silahlandıra bilmədiyi hərbi insan kütləsini savaşa göndərmək planları qurur. Belə vəziyyətdə Ruisyanın güclü ordusunun olmasından danışmaq sadəlövhlük təsiri bağışlayır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, sayı nə qədər çox olsa da, yaxşı silahlandırılmayan, hərbi təlim görməyən yeni əsgərlər savaş meydanında elə bir ciddi əhəmiyyət daşıya bilməz.
Ona görə də, hesab etmək olar ki, Rusiyanın yeni səfərbərlik niyyətində olması barədə iddialar Kremlin qorxunc planlarından xəbər verir. Çünki, əgər, deyilənlər doğru çıxarsa, bu, savaş meydanında ukraynalıların bir-birinə qırdırılması ssenarisi kimi də qəbul oluna bilər. Digər, milli-etnik azlıqların da döyüş bölgəsinə xüsusi plan əsasında göndərildiyini nəzərə aldıqda, Kremlin Rusiyanı monoetnik ölkəyə çevirmək planları üzərində işlədiyindən şübhələnməyə əsaslar yaranır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ