İran Silahlı Qüvvələri Türkiyə ərazisinə hər hansı raketin atılmasını təkzib edib.
Reportyor.tv xəbər verir ki, bu barədə İran Baş Qərargahının açıqlamasında bildirilib:
"Biz qonşu və dost ölkə Türkiyənin suverenliyinə hörmətlə yanaşırıq və onun istiqamətinə hər hansı raketin atılmasını rədd edirik".
Dünən İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında İranın cavab zərbələrinin "tamamilə müdafiə xarakteri daşıdığını" və İslam Respublikasına hücumda iştirak edən ABŞ və İsrail hədəflərinə yönəldiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışında deyib ki, İranın raket hadisəsindən sonra Türkiyə NATO ilə sıx əlaqədədir və bütün lazımi tədbirləri görür:
"Biz ölkəmizin təhlükəsizliyini heç vaxt təsadüfə buraxmırıq. Bugünkü hadisədə (İrandan gələn raketin vurulması) olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün tədbirləri görürük və lazım gələrsə dərhal müdaxilə edəcəyik. Həmçinin bu cür hadisələrin təkrarlanmaması üçün ən sərt xəbərdarlıqları edirik".
Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl NATO-nun hava hücumundan müdafiə sistemlərinin Şərqi Aralıq dənizində İrandan atılan ballistik raketi uğurla ələ keçirdiyini açıqlayıb.
Raket İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına daxil olmuş, raketin və ələ keçirmə qurğusunun qalıqları Türkiyənin Hatay əyalətinə düşüb. Xəsarət alan olmayıb. Raketin ələ keçirilməsi üçün "Aegis" raketdən müdafiə sistemi istifadə edilib.
Musavat.com






Şərhlər