Asif Ağayevin asfalt korrupsiyası… – İcra başçısı görülən işlərin, de-fakto xərclənən pulun deyil, üstü bəzək kvadrat-metrlərin hesabatını verir...
Tarix: 5-06-2022, 13:34
Baxılıb: 1 685
Google+ Paylaş
Tumblr Paylaş

Asif Ağayevin asfalt korrupsiyası… – İcra başçısı görülən işlərin, de-fakto xərclənən pulun deyil, üstü bəzək kvadrat-metrlərin hesabatını verir...

5-06-2022, 13:34

Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqanda əməliyyat keçirməsi nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev saxlanılıb.
Beyləqan vətəndaşları, rayon ictimaiyyəti bu qənaətdədirlər ki, Elsevər Paşayev korrupsiya ilə ittiham olunası bəlkə də axırıncı məmur olmalı idi. Bu məqamda Beyləqanda oturuşmuş, haqqında əvvəllər də yazdığımız bir neqativ tendensiyanı xatırlatmaq istəyirik. Asif Ağayev yerli hakimiyyətə gələndən rayonda sahibkarlıq fəaliyyəti üçün meydan axtaran hansı iş adamı torpaq sahəsi ayrılması üçün köməklik göstərilməsi xahişi ilə İcra Hakimiyyətinə müraciət edirsə, təbii ki, RİH də öz növbəsində onların ərizəsini dövlətin balansında olan torpağın mülkiyyətçisi kimi çıxış edən, torpaq üzərində sərəncam vermək hüququna malik olan Dövlət Əmlak Xidmətinin ərazi təmsilçisinə göndərir. Dövlət Xidmətinə göndərilən ərizəyə torpaq sahəsinin situasiya sxemi əlavə olunur. Dövlət Xidməti həmin materialı özünün struktur vahidi olan Yerquruluşu Layihə Mərkəzinə göndərir. Mərkəzin nümayəndələri torpaq sahəsinə yerində baxış keçirərək, koordinatlarını dəqiqləşdirir, sahənin yüklü olub – olmadığı yoxlanıllır, sahibkarlıq təyinatı üzrə istifadəsinin məqsədəuyğunluğu müəyyənləşdirilir, nəhayət, müsbət rəy verilir. Yalnız bundan sonra RİH ilə sahibkar arasında icarə müqaviləsi bağlanılır. Ancaq gerçəklik bundan ibarətdir ki, Asif Ağayevin yazılmamış qanunlarına görə bu proses özünün qaranlıq üzü ilə müşayiət olunur. Rayon rəhbərinin şərtlərinə boyun əyməyənlər məqsədlərinə çata bilmirlər. Başçı işini “ehtiyatlı tutaraq” harada sahibkarlığın inkişafı üçün perspektivli torpaq sahəsi varsa, ora 2 manata aldığı ağac tingləri basdırır və adını da qoyur ki, bəs bu yerdə yaxın gələcəkdə park salınacaq. Halbuki, Beyləqanda mövcud olan, ciddi təmir işləri sabiq başçılar İrşad Abbasovun, Vaqif Abdullayevin hakimiyyətləri dövründə aparılmış 4 park indi baxımsız qalıb, Asif Ağayevin laqeyd münasibəti ucbatından küçə itlərinin suladığı meydanlara çevrilib.
Beyləqan rayonunda abadlıq işlərinin həyata keçirilməs üçün hər il ayrılan yüz minlərlə manat dövlət vəsaitinin əksər hissəsi küçə yollarının asfaltlanmasına, səkilərin yenilənməsinə silinir. Obyektiv yoxlama aparılarsa, asanlıqla aşkara çıxar ki, yenilənmiş kimi göstərilən asfalt yalnız köhnənin üstünə çəkilən 7 sm nazikliyində (əslində 12-15 sm olmalıdır) örtükdən ibarətdir. Halbuki, əslində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınmalı, zəruri olan yerlərdə yararsız qrunt
qazılaraq çıxarılmalı, əks dolğu və kipləşdirmə işləri aparılmalı, yalnız bunlardan sonra yeni asfalt döşənməlidir. Amma bu sadalanan işlər yalnız kağız üzərində əksini tapır, “qənaət” edilən təxminən 80 faiz (!) fərq (buraya hətta guya yük daşımış maşınlara işlədilən yanacaq da daxildir) cinayətkar şəbəkə tərəfindən mənimsənilir.
Səkilərin də aqibəti eyni olur: Görün, işin harasıdır ki, səkilərin tamnetinin dəyişdirildiyini yazır, əslində isə köhnə tametin üstünə asfalt basırlar. Utanmazcasına yalançı hesabat verirlər ki, bütün işlər təyinatı üzrə və səmərəli yerinə yetirilib. Bir az da uzağa gedib arsızcasına söz buraxırlar ki, nəinki bircə manat belə mənimsənilməyib, hətta Asif Ağayev cibindən də pul xərcləyib. Gerçəkdə isə Asif Ağayev görülən işlərin deyil, de-fakto xərclənən pulun deyil, üstü bəzək kvadrat-metrlərin hesabatını verir.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, Baş Prokurorluq Asif Ağayevin və ətrafının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi məqsədini dəqiqləşdirib. Beyləqanda başçının yarıtmaz idarəçiliyindən, korrupsiya hüquqpozmalarından yetərincə xəbərdar olan biri kimi bəyan edirəm ki, Asif Ağayevin və çetesinin asfaltın altında gizlənən cinayətlərini üzə çıxarmaq üçün rayona göndəriləcək yoxlama komissiyasını müşayiət etməyə hazıram. İştirakım təmin olunarsa, bu mövzuda qələmə aldığım bütün faktların doğruluğunu isbat edə bilərəm. Asif Ağayevin 2018-ci ilin oktyabr ayında Beyləqan rayonuna rəhbər təyinatı alandan dərhal sonra həmin ilin axırıncı rübü üçün sərəncamına verilmiş maliyyə vəsaitinin başına nə oyun açdığını da axtararıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ