Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » “Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar” – Professordan ŞOK sözlər
“Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar” – Professordan ŞOK sözlər

Ötən gün Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin növbəti iclası keçirildi. Hamının gözü və diqqəti isə bir məsələyə yönəlmişdi: gözlənilirdi ki, məhz bu toplantıda Ramiz Mehdiyevin akademiyanın üzvlüyündən çıxarılması məsələsi müzakirəyə çıxarılacaq və konkret qərar veriləcək. Cəmiyyət də nəticəni səbirsizliklə gözləyirdi.

Ancaq gözləntilər özünü doğrultmadı. Sözügedən məsələ ilə bağlı heç bir qərar açıqlanmadı.
Bunun əvəzində isə ictimaiyyətin diqqətini tamam başqa görüntülər çəkdi. İclas zalından yayılan fotolarda bəzi alimlərin mürgülədiyi, hətta yatdığı açıq şəkildə görünürdü. Bu kadrlar qısa zamanda sosial şəbəkələrdə sürətlə yayıldı və geniş müzakirələrə səbəb oldu.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında akademiyanın hansı səbəbdən Ramiz Mehdiyevlə bağlı qərar verməməsinə münasibət bildirib:
“Hər şeydən belə görünür ki, Ramiz Mehdiyev məsələsi həddindən artıq mürəkkəbdir. Yəni bunun o qədər şaxələri var və getdikcə elə maraqlı, ağlasığmaz, gözlənilməz məqamlar ortaya çıxır ki, sanki qarşımızda şəffaf bir kvadrat dayanıb. Onu çevirdikcə tamamilə bir-birindən fərqli qığılcımlar üzə çıxır. Hər tərəfi başqa mənzərə yaradır, başqa suallar doğurur.
Aydındır ki, bununla bağlı açılmış cinayət işi barədə məlumatlar çox məhdud və müəyyən proporsiyada verilir. Bu da xeyli dərəcədə şayiələrə, söhbətlərə, müxtəlif müzakirələrə səbəb olur. İnformasiya tam və sistemli təqdim olunmadıqca, boşluq yaranır və həmin boşluq fərziyyələrlə doldurulur. Ona görə də çox aydın görünür ki, bu faktın ətrafında müəyyən dairələr manipulyasiya aparır, bu və ya digər şəkildə bir-birilərinə qarşı Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar. Bütün bunlar artıq göz qabağında olan məsələlərdir”.

Qulu Məhərrəmli akademiyanın iclasından yayılan görüntüləri məyusedici adlandırıb: “Ümumiyyətlə, uzun-uzadı, mahiyyəti zəif olan iclaslar həmişə belə səhnələrlə müşayiət olunur. Təkcə AMEA-nın iclasında deyil, başqa yerlərdə də buna rast gəlmişik. Mürgüləmə, yuxulama halları olur və bu artıq formal xarakter daşıyan toplantıların tipik mənzərəsidir.


Mənim üçün əsas məqam odur ki, orada hər halda tanıdığımız, hörmət etdiyimiz parlaq elm adamları da var. Bu adamların məsxərəyə qoyulması, istehza obyektinə çevrilməsi qəbul edilən deyil. Tənqid etmək olar, amma bu dərəcədə aşırı istehza cəmiyyətin sanki bütün istehza enerjisinin bir nöqtəyə yönəlməsi təsiri bağışlayır”.

O ki qaldı akademiyada elmin indiki durumuna, alimlərin vəziyyətinə, elmi araşdırmaların miqyasına və qoyulan məsələlər üzrə uğurların qazanılmasına, Q.Məhərrəmli hesab edir ki, əlbəttə, ciddi problemlər var: “Sovet dönəmində bizim akademiyanın bəxti bir çox cəhətdən gətirmədi. Yaxşı alimlərin bir qismi xarici ölkələrə getdi, bir qismi başqa sahələrə keçdi və bütün bunlar akademiyanın fəaliyyətinə mənfi təsir göstərdi. Təxminən 5–6 il əvvəl akademiyada 12 minə yaxın adam çalışırdı. İndi o statistika açıq şəkildə verilmir. Çünki akademiyanın bəzi institutları Elm və Təhsil Nazirliyinə verilib. Mən özüm də iki il AMEA-da, Dilçilik İnstitutunda çalışmışam və akademiyadakı mənzərə mənim üçün kifayət qədər aydın olub. Məsələn, media ilə və ya daha dinamik sahələrlə müqayisə etsək, orada o qədər ləng, qeyri-dinamik proseslər var ki, adam təəccüb edir - insanlar bu ritmlə necə işləyə, necə yaşaya bilirlər? Bu qədər ölgün, solğun fəaliyyət, baş qatmaq - bütün bunlar bəzi institutların əsas göstəricilərinə çevrilib”.

Xalidə Gəray
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti